RƏSMİ XRONİKA
AZƏRBAYCAN İLƏ TÜRKİYƏ ARASINDA DİPLOMATİK ƏLAQƏLƏR YARADILMASININ ON İLLİYİNƏ HƏSR OLUNMUŞ MƏRASİM
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Yanvarın 14-də Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələr yaradılmasının on illiyi münasibətilə “Avropa” mehmanxanasında mərasim keçirmişdir.
Mərasimə toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətlə qarşıladılar.
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ünal Çeviköz və Azərbaycanın Prezidenti Heydər Əliyev mərasimdə çıxış etdilər.
TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ ÜNAL ÇEVİKÖZÜN ÇIXIŞI
- Hörməlt Cümhur başkanı!
Dəyərli qonaqlar!
Bu gün, 2002-ci il yanvarın 14-ü Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələr qurulmasının onuncu ildönümünü tamam olur. Bu, Türkiyə və Azərbaycan xalqlarının müştərək bayramıdır. Bu gün bizim üçün fövqəladə önəmli gündür.
Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələr on il bundan əvvəl yaradılmışdır. Amma bizim əlarələrimiz çox qədim dövrə, tarixin dərinliklərinə qədər gedir.
1918-ci ildə Azərbaycan ilk dəfə müstəqilliyini əldə edəndə də Türkiyə Azərbaycanı ilk tanıyan və diplomatik əlaqələr yaradan ölkə olmuşdur. 1992-ci ildən başlayan, tarixdən gələn bu bərabərliyimizin bu gün onuncu ili tamam olur. İnşallah, daha neçə on illər, dünya durduqca bu bərabərliyimiz, bayraqlarımızın göy üzündə birgə dalğalanması davam edəcəkdir.
Mən Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin bu gün hər sahədə çatdığı səviyyədən daha yüksəklərə qalxacağına inanıram. Burada vəzifəmi yerinə yetirərkən bu amalla çalışacağımı Sizə ərz edirəm.
Bu gün mənim üçün həqiqətən çox xoş bir gündür. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ötən on il ərzində son dərəcə səmərəli olmuşdur və yüksək səviyyəyə çatmışdır.
Türkiyə Azərbaycanın qarşılaşdığı bütün problemlərin həllində ona dəstək verən ölkə kimi daim onun yanında olmuşdur. Biz eyni millətin müstəqil və suveren dövlətləriyik. Mən istəyirəm ki, onuncu ildönümünü qeyd etdiyimiz bu ildə, bundan sonrakı günlərdə, həftələrdə, aylarda, illərdə Azərbaycan ilə Türkiyənin qardaşlığı büdrəmədən daim irəli getsin. Azərbaycanın qarşılaşdığı problemlər öz həllini tapsın. Azərbaycanın Dağlıq Qarabağ problemi ölkənin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapsın, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulsun. Azərbaycan parlaq gələcəyinə doğru inamlı addımlarla irəliləsin. Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin onuncu ili hamımız üçün xeyirli olsun.
Sağ olun.
X X X
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇIXIŞI
- Hörmətli cənab səfir!
Xanımlar və cənablar!
Sizin hamınızı Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmasının onuncu ildönümü münasibətilə ürəkdən təbrik edirəm.
Bu bayram xüsusi xarakter daşıyır. Adətən biz, hər ölkənin bayramını qeyd edirik. Öz ölkəmizin, dost ölkələrin bayramlarını qeyd edirik. Amma indi hər iki ölkə bir bayramı qeyd edir. Bu, Türkiyə üçün də bayramdır, Azərbaycan üçün də bayramdır. Çünki iki dövlətin bir-biri ilə diplomatik əlaqələr qurması bayramıdır.
Azərbaycan on il bundan öncə öz dövlət müstəqilliyini əldə etdi. Bu, bizim çoxəsrlik tariximizdə olduqca böyük bir tarixi hadisədir. Müstəqilliyi elan edən kimi, təbiidir ki, dünya ölkələrinə Azərbaycanı müstəqil dövlət kimi tanıtmalı idik. Bilirsiniz ki, bu özü də böyük bir prosesdir. Əvvəlki vaxtlarda dediyimiz kimi, bu gün də deyirik ki, çox böyük xoşbəxtlikdir ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə Cümhuriyyəti olmuşdur. Bu, eyni zamanda təbii bir haldır. Çünki bizim xalqlarımızı bağlayan dərin köklər var. Həqiqətən 1918-ci ildə də Azərbaycan müstəqilliyini elan edən kimi, ölkəmizi ilk olaraq Türkiyə tanımışdı. Bu dəfə də belə olmuşdur. Ancaq eyni zamanda, Türkiyənin bu addımı Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınmasına böyük təkan verdi. Qısa bir müddətdə Azərbaycan müstəqil dövlət kimi tanındı. İndi on ildir ki, müstəqil dövlət kimi yaşayır.
On il içərisində Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı böyük sınaqlardan keçibdir. Doğrudur, bizim dostluq, qardaşlıq əlaqələrimizdə on ildə heç bir problem olmayıbdır. Çünki bizim dostluğumuz çox sağlam təməllər, dərin tarixi köklərimiz üzərində qurulubdur. Güman edirəm ki, belə də olmalı idi. Əminəm ki, bundan sonra da heç bir problem olmayacaqdır. Amma buna baxmayaraq, on il içərisində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamaq üçün böyük sınaqlardan keçdi.
Bütün bu mərhələlərdə də Türkiyə Cümhuriyyəti həmişə Azərbaycanın yanında olubdur, Azərbaycana dəstək veribdir və beynəlxalq aləmdə Azərbaycanın problemlərinin həll olunmasında ölkəmizə həmişə dayaq olubdur.
Bizim Azərbaycan üçün ən ağrılı məsələ Dağlıq Qarabağ məsələsi, Ermənistan-Azərbaycan münaqişəsi, onun həll olunmasıdır. Bu münaqişənin həll olunmasında da Türkiyə Cümhuriyyəti, Türkiyə dövləti elə bu münaqişə başlayandan Azərbaycana həmişə dəstək veribdir. Baxmayaraq ki, o vaxt hələ Azərbaycan müstəqil deyildi, sadəcə, öz mənəvi dəstəyi ilə Azərbaycana yardım edibdir. Azərbaycan müstəqil dövlət olandan sonra isə bu, artıq bizim dövlətimizə verilən dəstək olubdur. İndi də bu ağır və çətin məsələnin həll olunması yollarının axtarılmasında Türkiyə Cümhuriyyəti Azərbaycana yaxından yardım edir, Azərbaycanla bir yerdədir, Azərbaycanın mövqelərini həmişə dəstəkləyib və əminəm ki, bundan sonra da dəstəkləyəcəkdir.
On il biz müstəqil dövlətlər kimi bir-birimizlə əlaqədə inkişaf etmişik. Heç şübhə yoxdur ki, bu, gələcək üçün böyük bir əsasdır. Biz gələcəyin çox möhkəm təməlini qoymuşuq. Əminəm ki, bu təməl üzərində böyük bir Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı abidəsi yaradılacaqdır. Bu abidə gələcək illərdə də, gələcək əsrlərdə də Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının yenilməz rəmzi olacaqdır.
Bir daha sizi təbrik edirəm.
/ Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı diqqətlə dinlənildi və alqışlarla qarşılandı/.
X X X
Mərasim kiçik konsertlə başa çatdı.
X X X
Azərbaycan Prezidenti mərasimdə iştirak edən xarici ölkələrin səfirləri ilə görüşüb səmimi söhbət etdi.
Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezident apartının məsul işçiləri, baş nazirin müavinləri, Milli Məclisin deputatları nazirlər, komitə sədrləri, birlik və konsern rəhbərləri, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Foto Yaşar Xəlilovundur