MƏDƏNİYYƏT
AZƏRBAYCAN İNCƏSƏNƏT USTALARININ KONSERTİ YÜKSƏK SƏVİYYƏDƏ KEÇMİŞDİR
Oktyabrın 10-da möhtəşəm Berlin Filarmoniyasında Azərbaycan musiqi kollektivləri geniş konsert proqramı ilə çıxış etmişlər.
Konsertdə Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, klassik vokal musiqisinin mahir ifaçıları Dinarə Əliyeva, Həsən Abdullayev, Fidan Hüseynova, muğam və xalq mahnılarımızın bacarıqlı ifaçıları Bəyimxanım Mirzəyeva və Teyyub Aslanovun daxil olduğu “Muğam qrupu” və milli rəqs ansamblları çıxış etmişlər. Dinləyicilər həmyerlilərimizin çıxışlarını alqışlarla qarşılamışlar.
İncəsənət ustalarımız Berlindən sonra oktyabrın 12-də Baden-Vürttemberq federal əyalətinin paytaxtı Ştutqart şəhərinin “Yeni saray”ında konsert vermişlər. Onlar oktyabrın 13-də Raynland-Pfals federal əyalətinin paytaxtı Mayns şəhərinin “Frankfurter Hof” sarayında geniş konsert proqramı ilə çıxış edəcəklər.