SİYASƏT
AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ ASSOSİASİYASI RƏSMİ QEYDİYYATDAN KEÇMİŞDİR
Assosiasiyanın idarə heyətinin sədri Akif Ağatalıbov AZƏRTAC-ın müxbiri ilə söhbətdə demişdir: Biz Özbəkistanda soydaşlarımızın yığcam yaşadığı vilayət və şəhərlərdə yeni mədəniyyət mərkəzləri yaradacağıq. İndi Fərqanə, Sırdərya, Daşkənd vilayətlərində bu istiqamətdə iş aparılır və elə bilirəm ki, yaxın vaxtlarda həmin bu məsələ həll ediləcəkdir. Bu işləri görməkdə əsas məqsədimiz tarixi vətənimizlə əlaqələri genişləndirmək, qardaş özbək xalqı və ölkədə yaşayan digər xalqlarla dostluğu möhkəmləndirmək, xalqımızın zəngin mədəni irsini öyrənmək və təbliğ etməkdir.
Assosiasiya qeydə alındıqdan sonra idarə heyətinin birinci iclasında Akif Ağatalıbov bu münasibətlə soydaşlarımızı təbrik etmiş, qurumun qarşısında duran vəzifələrdən danışmışdır. Daşkənddə yaşayan soydaşlarımız Vasif Vəliyev, Nadir Əliyev, Həmid Hüseynov və başqaları öz çıxışlarında bir sıra məsələlərə toxunmuş, qurumun nəzdində gənclər və qadınlar şuralarının yaradılmasını təklif etmişlər.
İclasda yeniyetmə və gənclərin milli adət-ənənələr ruhunda tərbiyə olunması məsələsi də müzakirə edilmişdir.