İQTİSADİYYAT
AZƏRBAYCAN MİKROMALİYYƏLƏŞDİRMƏ BANKI KREDİTLƏRDƏN ÖTRÜ 5,5 MİLYONABŞ DOLLARI ƏLDƏ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) son iki həftə ərzində mikro və xırda biznesin inkişafını daha da sürətləndirəcək növbəti kreditlərdən ötrü 5,5 milyon ABŞ dolları əldə etmişdir. AMMB bu məqsədlə Global Microfinance Facility (GMF) təşkilatından üç il müddətinə 3 milyon, Oikocredit beynəlxalq inkişaf təşkilatından isə üç il yarım müddətinə 2,5 milyon ABŞ dolları məbləğində kredit götürmüşdür.
Azərbaycan Mikromaliyyələşdirmə Bankı Azərbaycanda mikro, xırda və orta müəssisələrin inkişafı üçün artıq 41,5 milyon ABŞ dolları cəlb etmişdir.
Xatırladaq ki, fəaliyyət göstərdiyi dörd il ərzində AMMB ümumi məbləği 100 milyon ABŞ dollarından çox olan 35 minə yaxın kredit vermişdir.
Azərbaycan Mikromaliyyələşdirmə Bankının 5 səhmdarı vardır: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qaradəniz Ticarət və İnkişaf Bankı, Almaniya Dövlətinin İnkişaf Agentliyi (KfW) və Financial Systems GmbH (LFS) alman məsləhət şirkəti.