SİYASƏT
AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ RUSİYADA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR
Azərbaycan qanunverici orqanının təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafovanın başçılıq etdiyi Milli Məclisin nümayəndə heyətinə deputatlar Gülər Əhmədova, Mirkazım Kazımov və Novruz Quliyev daxildirlər.
Rusiya MSK-nın sədri Aleksandr Veşnyakovun dəvəti ilə Azərbaycan MSK-nın sədri Məzahir Pənahov da Moskvaya gəlmişdir.
Azərbaycan deputatları seçkiləri MDB ölkələrinin müşahidəçilərindən ibarət nümayəndə heyətinin tərkibində izləyəcəklər. Birlik ölkələrinin müşahidəçilər qrupuna Azərbaycan parlamentinin deputatı Asya Manafova, MDB müşahidəçilərindən ibarət nümayəndə heyətinin qərargahına isə MDB İcraiyyə Komitəsinin sədri Yuri Yarov rəhbərlik edirlər.
Asya Manafova AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, RF prezidentinin seçkiləri günü respublikamızın müşahidəçiləri iki qrupa bölünəcək və öz seçimi ilə 10 seçki məntəqəsinə gedəcəklər. Martın 14-də, seçki məntəqələri bağlandıqdan sonra MDB müşahidəçiləri onun qərargahına gedəcək və burada seçkilərin gedişinə dair yekun hesabatı hazırlanacaqdır. Hesabat martın 15-də açıqlanacaqdır.
Xatırladaq ki, seçkilərin ilkin yekunları martın 15-də yerli vaxtla saat 5 radələrində məlum olacaqdır. RF MSK-da bildirmişlər ki, həmin vaxtadək MSK ölkənin hər yerindəki seçki məntəqələrinin 90 faizindən məlumat alacaqdır.
RF MSK-nın məlumatına görə, prezident seçkilərinin gedişini mindən çox beynəlxalq müşahidəçinin izləyəcəyi gözlənilir. ATƏT müşahidəçiləri sayca daha çox – 300-dən artıqdır. MDB ölkələrindən 200-dək müşahidəçi var.