ELM VƏ TƏHSİL
AZƏRBAYCAN OFTALMOLOGİYASI BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILIR
Avstriyanın tanınmış “Askin ənd Co” şirkəti ilə əməkdaşlıq Azərbaycan oftalmologiyasının beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcəkdir. Bu barədə şirkətin Azərbaycan nümayəndəliyinin təqdimat mərasimində ətraflı danışılmışdır. Qeyd edilmişdir ki, göz xəstəliklərinin uğurlu müalicəsi müasir texnologiyaların tətbiqindən çox asılıdır. 35 mindən çox məhsulun istehsalçısı olan bu şirkətin ölkəmizdə nümayəndəliyinin açılması da həmin məqsədə xidmət edir.
Akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun direktoru professor Kərəm Kərimov mərasimdə dedi ki, daha optimal müalicə üsulları yeni texnologiyalara və müasir metodikaya əsaslanır. O, oftalmologiya sahəsində bu işin öhdəsindən layiqincə gələn və tətbiq edilən texnologiya ilə işləməyi bacaran kadrlar hazırlığında xidmətləri olan “Askin ənd Co” şirkətinin ölkəmizə gəlməsindən məmnun olduğunu bildirdi.
Şirkətin prezidenti Herbert Lyüberq bildirdi ki, “Askin ənd Co”-nun səkkiz ölkədə nümayəndəliyi açılmışdır.
X X X
Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda sentyabrın 25-də “Askin ənd Co” şirkətinin müasir texnologiyalarından istifadə olunmaqla beş xəstənin gözlərində kəsiksiz cərrahiyyə əməliyyatı aparılmışdır.