RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ALMANİYANIN “SİEMENS” ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİ İLƏ GÖRÜŞÜ
Cənab Kleyi səmimiyyətlə salamlayan Prezident Heydər Əliyev bu şirkətin yüz il bundan əvvəl Gədəbəy mis mədənlərindəki fəaliyyətini məmnunluqla xatırladı. Dövlətimizin başçısı xalqlarımız arasındakı tarixi əlaqələrin indi də davam etdirilməsindən razılıq edərək, Almaniyanın bu nüfuzlu şirkətinin respublikamızla əlaqələrini daha da möhkəmləndirməyin vacib olduğunu bildirdi. Azərbaycanda “Siemens”in nümayəndələyinin açılmasını yüksək qiymətləndirən Prezident Heydər Əliyev bir sıra sahələrdə əməkdaşlıq üçün mövcud imkanlardan dolğun istifadə edilməsinin hər iki tərəf üçün çox faydalı olduğunu nəzərə çarpdırdı.
Dövlətimizin başçısı ilə görüşdən məmnun qaldığını bildirən cənab Kley “Siemens” şirkətinin Azərbaycanda fəaliyyəti üçün göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi və dedi ki, biz görkəmli dövlət xadimi Heydər Əliyevin kollektivimizə bəslədiyi etimadı doğrultmağa çalışacağıq. O, “Siemens”in Azərbaycanla tarixi əlaqələrinin bərpa edilməsi sahəsində görülən işlər barədə Prezident Heydər Əliyevə məlumat verdi.
Söhbət zamanı “Siemens”in Azərbaycanda görəcəyi konkret işlər geniş müzakirə olundu, şirkətin Azərbaycanda elektrik stansiyaları tikintisinin layihələşdirilməsi və maliyyələşdirilməsində iştirakı məsələsi ətraflı nəzərdən keçirildi və bu sahədə başlanmış iş müsbət qiymətləndirildi. Bu məsələ ilə bağlı qarşıya çıxan problemlərin və çətinliklərin aradan qaldırılması yolları söhbətin əsas mövzusuna çevrildi. Şirkətlə digər sahələrdə qarşılıqlı maraq doğuran əlaqələrdən də bəhs olundu.