RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN FRANSANIN AVROPA BİRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT NAZİRİ İLƏ GÖRÜŞÜ

Aprelin 22-də Azərbaycan Prezidenti Heydər Əliyev Lüksemburqda işgüzar səfərdə olarkən Fransanin Avropa Birliyi məsələləri üzrə dövlət naziri Mişel Barye ilə görüşmüşdür.

Dövlətimizin başçısını səmimiyyətlə salamlayan cənab Barye Prezident Jak Şirakın Heydər Əliyevi Fransaya rəsmi səfərə dəvət etdiyini bildirdi. Nazirin fikrincə, bu səfər ölkələrimiz arasında əlaqələrin inkişafında yeni bir mərhələ olacaqdır.

Prezident Jak Şiraka səmimi salamlarını və dəvətə görə təşəkkürünü çatdırmağı nazirdən xahiş edən Heydər Əliyev dedi: Mən bu dəvətdən mütləq istifadə edəcəyəm və məmnuniyyətlə sizin ölkəyə gələcəyəm. Eyni zamanda mən də cənab Jak Şirakı Azərbaycana rəsmi səfərə dəvət edirəm. Xahiş edirəm, mənim bu dəvətimi ona çatdırasınız.

Görüş zamanı cənab Barye də Azərbaycana səfər etmək arzusunu dövlətimizin başçısına söylədi. Prezident Heydər Əliyev onun bu arzusunu məmnuniyyətlə qəbul etdi və cənab Baryeni ölkəmizə səfərə dəvət etdi.

Nazir Fransanın Azərbaycandakı səfirliyinə göstərilən diqqət və qayğıya görə respublikamızın rəhbərinə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dedi ki, dedi ki, mən lazım olan bütün köməyi göstərmişəm, lakin Fransa hökuməti həmin binanın təmir edilməsini sürətləndirməlidir. Prezident Heydər Əliyev Fransanın Azərbaycandakı səfiri Jak Perrenin fəaliyyətindən razılıqla söhbət açdı.

Görüş zamanı hər iki ölkəni maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparıldı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin