AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İRLANDİYA PREZİDENTİ XANIM MERİ ROBİNSON İLƏ GÖRÜŞÜ
AzerTAg.az
Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İsveçrənin Davos şəhərində İrlandiya Respublikasının Prezidenti xanım Meri Robinson ilə görüşdü. Görüş çox səmimi və dostluq şəraitində keçdi. Xanım M.Robinson dövlətlərimiz arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün bu görüşün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Prezident Heydər Əliyev görüşdən məmnun qaldığını bildirərək, belə görüşlərin vacib olduğunu qeyd etdi və dedi ki, bu, ölkələrimiz arasında dostluq əlaqələri yaradılmasında mühüm rol oynayacaqdır.
Xanım M.Robinson ölkələrimiz arasında oxşar cəhətlərin çox olduğunu qeyd etdi. O, Azərbaycan ilə İrlandiya arasında dostluq əlaqələrinin yaradılması üçün yaxşı əsas olduğunu və bunun dövlətlərimizin və xalqlarımızın mənafeyinə uyğun gəldiyini söylədi.
Prezident Heydər Əliyev Azərbaycan Respublikasının yenicə müstəqillik qazandığını bildirdi və qeyd etdi ki, dövlətlərimiz dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı siyasi, iqtisadi və mədəni əlaqələr yaratmaq əzmindədir.
Daha sonra Azərbaycan Prezidenti dövlətimizin iqtisadi böhran şəraitinə düşdüyünü qeyd edərək, bunun bir neçə səbəbi olduğunu bildirdi. Bir tərəfdən bir ictimai-iqtisadi sistemdən digərinə, azad bazar iqtisadiyyatına keçidin törətdiyi çətinliklər, digər tərəfdən isə Ermənistanın altı ildən bəri davam edən açıq təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizdən çoxunun işğal olunması və bir milyondan çox azərbaycanlının qaçqın düşərək ağır şəraitdə çadırlarda yaşamağa məcbur olması iqtisadi böhranı daha da dərinləşdirmişdir. Çeçenistanda baş verən son hadisələr nəticəsində Şimali Qafqaz dəmir yolunun və bütün kommunikasiyaların bağlanması Azərbaycanı ağır iqtisadi blokada şəraitinə salmış və ölkəmizin iqtisadiyyatına öz mənfi təsirini göstərmişdir. Prezident bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanda islahatlar aparıldığını, iqtisadiyyatın azad bazar iqtisadiyyatı əsasında inkişaf etdirildiyini, ölkədə çoxpartiyalı sistemin mövcud olduğunu, demokratiya, vicdan və mətbuat azadlığının bərqərar edildiyini, insan hüquqlarının qorunduğunu bildirdi.
Görüşün sonunda Prezident Heydər Əliyev ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq, İrlandiya Prezidenti xanım Meri Robinsonu Azərbaycana rəsmi səfərə dəvət etdi.
Xəbərin mətnində orfoqrafik səhv var