RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ANQOLA PREZİDENTİ EDUARDU DUŞ SANTUŞ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycanı özünün ikinci vətəni adlandıran cənab Duş Santuş 1969-cu ildə Bakıda Neft Akademiyasını bitirdiyini bildirdi. O, Azərbaycanla sıx bağlı olduğunu vurğulayaraq Heydər Əliyevlə görüşündən çox məmnun qaldığını söylədi. Heydər Əliyevin vaxtilə Sovetlər İttifaqının rəhbərlərindən biri olarkən onun vətəninə səfərini xatırlayan Anqola Prezidenti hazırda müstəqil Azərbaycan Respublikası Prezidentinin Anqolaya səfər etməsinə böyük ehtiyac duyulduğunu bildirdi. Cənab Duş Santuş Anqolada çox adamın Azərbaycanda təhsil almasından və ölkələrimiz arasında möhkəm mənəvi əlaqələr yarandığından razılıqla söhbət açdı.
Onun haqqında və Azərbaycan barədə söylədiyi xoş sözlərə görə cənab Duş Santuşa minnətdarlığını bildirən Prezident Heydər Əliyev Anqoladakı hazırkı vəziyyət, şimal ilə cənub arasında gedən müharibənin taleyi ilə maraqlandı. Bu fikirləri diqqətlə dinləyən Anqola Prezidenti təəccübünü gizlətmədən dedi: Cənab Prezident, deyəsən, Anqoladakı vəziyyəti siz məndən yaxşı bilirsiniz.
Respublikamızın rəhbəri müsahibinə Ermənistanın Azərbaycana təcavüzündən ətraflı bəhs etdi. Sonra o, respublikamızın Anqola ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirdi. Prezident Heydər Əliyev dedi ki, biz beynəlxalq təşkilatlarda da sizin ölkə ilə eyni platformadan çıxış edərək, Azərbaycanın haqq işinə səs verməyinizi arzulayırıq. Cənab Santuş bu fikirlərə tərəfdar olduğunu bildirərək dedi ki, Anqola həmişə Azərbaycanın mövqeyini dəstəkləyəcək və ölkənin beynəlxalq təşkilatlardakı nümayəndələrinə bu barədə göstərişlər verəcəkdir.
Görüşün sonunda Prezident Heydər Əliyev cənab Duş Santuşun daha tələbə kimi yox, Anqola dövlətinin Prezidenti kimi Azərbaycana səfərə gəlməsini arzuladı. Anqola Prezidenti də Azərbaycan rəhbərini öz ölkəsinə rəsmi səfərə dəvət etdi.