AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BOLQARISTANIN BAŞ NAZİRİ JAN VİDENOV İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
İyunun 29-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Respublikasının Vaş naziri Jan Videnov ilə görüşmüşdür.
Heydər Əliyev kimi nüfuzlu bir şəxsiyyətlə görüşündən məmnun qaldığını bildirən Jan Videnov Bolqarıstan Respublikasının iqtisadi və sosial həyatındakı mövcud vəziyyət barədə Azərbaycan Prezidentinə dolğun məlumat verdi. Cənab Videnov zəngin təbii ehtiyatlara malik respublikamızın imkanları haqqında müəyyən təsəvvürü olduğunu da qeyd etdi. Kənd təsərrüfatı, maşınqayırma və bir çox digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğundan bəhs edən Baş nazir Azərbaycanla müştərək müəssisələr yaradılmasının vacibliyi üzərində xüsusilə dayandı.
Prezident Heydər Əliyev Bolqarıstanla Azərbaycan arasındakı tarixi əlaqələr barədə söhbət açdı. Daha sonra o, 70-80-ci illərdə ölkələrimizin bir sıra səhələrdə sıx əməkdaşlığından bəhs edərək dedi ki, respublikalarımız bir-birindən çox da uzaqda deyil, iqtisadiyyatımız da bir-birinə çox oxşayır. Heydər Əliyevin fikrincə, məhz bu yaxınlıqdan istifadə edərək, yeni nəqliyyat-kommunikasiya xətlərinin yaradılması yolu ilə iqtisadiyyatımızın dünya ölkələrinin iqtisadiyyatı ilə inteqrasiyasına nail olmaq mümkündür və bu, çox faydalıdır.
Respublikamızın rəhbəri Bolqarıstan ilə Azərbaycan arasında yenicə imzalanan sənədlərin əhəmiyyəti üzərində də geniş dayandı, ölkələrimizin bərabər hüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da inkişafı üçün möhkəm hüquqi baza yaradılmasını faydalı hesab etdiyini söylədi. O dedi ki, Azərbaycan dünyanın bütün ölkələri ilə, o cümlədən Bolqarıstanla münasibətləri daha da sıxlaşdırmaq istəyir və bu istiqamətdə hər cür lazımi addımlar atmağa hazırdır.
Görüşdə respublikamızdakı vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü, müharibənin sülh yolu ilə dayandırılması istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti barədə də söhbət açıldı.
Xəbərin mətnində orfoqrafik səhv var