RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BRÜSSELDƏ RƏSSAM ELDAR MİKAYILOVUN XALÇA SƏRGİSİNDƏ OLMUŞDUR

Aprelin 23-də Belçika paytaxtındakı “Konrad” hotelinin sərgilər salonunda böyük canlanma var idi. Burada Azərbaycanın tanınmış xalça rəssamı Eldar Mikayılovun eksizləri əsasında toxunmuş xalçaların sərgisi açılmışdı. Ekspozisiya Brüssel sakinlərində böyük maraq doğurmuşdu. Bu da təsadüfi deyildi. Axı, hələ ötən əsrlərdən Azərbaycan xalçaları Avropanın bir çox ölkələrində böyük şöhrət qazanmışdır. İndinin özündə də dünyanın ən məşhur muzeylərində Azərbaycanın misilsiz xalçaları öz gözəlliyi, sənətkarlıq xüsusiyyətləri ilə tamaşaçıları heyran qoyur.

Eldar Mikayılovun “Konrad” hotelində nümayiş etdirilən əsərlərinin bir hissəsi Azərbaycanın dahi şairləri Nizaminin və Füzulinin əsərlərinin motivləri əsasında toxunmuşdur. Əsl sənət inciləri olan bu xalçalara hamı heyranlıqla tamaşa edirdi. Xalçalardakı hər bir ornament, hər bir naxış Azərbaycan xalçaçılıq məktəbinin zəngin və bənzərsiz ənənələrindın xəbər verir.

Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər sərginin keçirildiyi salona gəldilər. Tamaşaçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident bu əsərlərin hər birinin önündə dayandı. Eldar Mikayılovun yaradıcılığı ilə diqqətlə, fərəh hissi ilə tanış oldu. Heydər Əliyev sərginin təşkilindən çox razı qaldı və rəssama yaradıcılıq uğurları arzuladı.

Sərgi salonunda Azərbaycan incəsənət ustalarının ifasında səslənən musiqi əsərləri də tamaşaçıların çox xoşuna gəldi.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin