RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İLƏ ABŞ DÖVLƏT KATİBİNİN BİRİNCİ MÜAVİNİ RİÇARD ARMİTAC ARASINDA TELEFON DANIŞIĞI
Fevralın 1-də Amerika Birləşmiş Ştatları dövlət katibinin birinci müavini Riçard Armitac Dünya İqtisadi Forumunda iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə telefon etmişdir.
Cənab Armitac dövlətimizin başçısını Amerika torpağında mehribanlıqla salamlamış, Azərbaycanın terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə və antiterror koalisiyasında ölkəmizin iştirakına görə Prezident Heydər Əliyevə təşəkkür etmişdir.
Səmimi sözlər üçün cənab Armitaca minnətdarlığını bildirən Azərbaycan Prezidenti Amerikanın beynəlxalq terrorizmə qarşı həyata keçirdiyi tədbirlərin ölkəmiz tərəfindən dəstəkləndiyini vurğulamışdır.
Prezident Heydər Əliyev Nyu-Yorka bu səfəri zamanı 11 sentyabr faciəsi nəticəsində baş vermiş ağır itkilərə görə Amerika xalqına bir daha başsağlığı verdiyini, Dünya Ticarət Mərkəzinin dağıntılarını ziyarət etdiyini, oraya Azərbaycan xalqı adından əklil qoyduğunu bildirmişdir.
907-ci düzəlişin qüvvəsinin dayandırılması nəticəsində Azərbaycan-Amerika münasibətlərində yeni mərhələ açıldığını vurğulayan Riçard Armitac demişdir ki, hər iki tərəf bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə çalışmalıdır.
Tərəflər telefon danışığı zamanı ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanlarını müzakirə etmişlər. Cənab Armitac bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ bu münaqişənin dinc vasitələrlə aradan qaldırılması sahəsində səylərini artırmağa hazırdır.
Səmimilik və mehribanlıq şəraitində keçən telefon danışığı zamanı cənab Riçard Armitac ABŞ-da səfərdə olduğu müddətdə Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşmək istədiyini bildirmişdir.