RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ FRANSANIN XARİCİ İŞLƏR NAZİRİ ERVE DE ŞARET İLƏ GÖRÜŞMÜŞDÜR
Cənab Şaret Azərbaycan Prezidenti ilə görüşündən və onunla tanış olmağından çox razı qaldığını bildirdi.
Azərbaycan Prezidenti də bu görüşdən məmnun olduğunu vurğulayaraq, əvvəlki xarici işlər naziri, indiki Baş nazir Alen Jüppe ilə çoxlu görüşlər keçirdiyini qeyd edərək ümid etdiyini bildirdi ki, cənab Şaret ilə görüşlər də müntəzəm xarakter alacaqdır.
Cənab Şaret dedi ki, o, xarici işlər naziri vəzifəsinin icrasına yenicə başlasa da, Azərbaycan ilə, onun problemləri ilə yaxından tanışdır. Azərbaycanın Fransa üçün mühüm ölkə olduğunu vurğulayan nazir respublikamızın iqtisadi inkişafında öz ölkəsinin yaxından iştirak etməsini arzuladığını bildirdi. O, respublikamızın zəngin neft yataqlarından istifadə edilməsi üçün Azərbaycana sərmayə qoymaq istəyən “Elf Akiten” şirkətinin dövlət tərəfindən tam dəstəkləndiyini söylədi. Cənab Şaret həmçinin bildirdi ki, Fransa respublikası ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda iştirak edir, orada daimi nümayəndəsi var və o əmindir ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq prinsiplər, xüsusən ATƏT-in prinsipləri əsasında sülh yolu ilə aradan qaldırılacaqdır. O, münaqişənin sülh yolu ilə həll olunması üçün rəhbərlik etdiyi nazirlik tərəfindən hər cür lazımi addımlar atılacağını söylədi.
Cənab Şaret neft yataqlarının birgə işlənilməsi ilə yanaşı, Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində bir sıra çətinliklərdən də xəbərdar olduğunu vurğulayaraq dedi: Fransa bu mövqedə çıxış edir ki, neft və qaz yataqları ilə zəngin olan Xəzər dənizi sektorlara bölünməlidir. Azərbaycanın özünə məxsus olan sektorda uzun illərdən bəri neft istehsal etməyə tam mənəvi haqqı olduğunu bildirən cənab Şaret bu məsələnin müzakirəsində ölkəmizin mövqeyini Fransanın tamamilə dəstəklədiyini bəyan etdi. Nazir həmçinin qeyd etdi ki, Xəzərin sektorlarındakı zəngin neft və qaz yataqlarının istismar olunması, Xəzəryanı dövlətlərin əməkdaşlığına mənfi təsir etməməlidir. Onun fikrincə, həmin dövlətlər Xəzərdə balıqçılığın, gəmiçiliyin inkişaf etdirilməsi sahəsində də əməkdaşlıq edə bilərlər və hətta birgə qurumlar yaradılması da mümkündür. Nazir dedi: Fransanın mövqeyi belədir ki, Xəzər dənizinin statusu müzakirə obyekti ola bilər.
Azərbaycan Prezidenti Heydər Əliyev Fransa dövlətinin bu məsələ ilə əlaqədar açıq mövqedən çıxış etməsini yüksək qiymətləndirdi və bu mövqeni alqışladığını bildirdi. Xarici işlər naziri vəzifəsində az müddətdə çalışmasına baxmayaraq, cənab Şaretin bu problemləri incəlikləri ilə bilməsindən çox məmnun qalan Prezident Heydər Əliyev ümidvar olduğunu söylədi ki, nazir bu məsələlərin həllində yaxından iştirak edəcəkdir.
Görüşdə 7 ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsi barəsində, eyni zamanda Azərbaycanda ilk demokratik parlamentin seçilməsi, yeni Konstitusiyanın qəbul olunması və ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi üçün görülən digər tədbirlər haqqında da ətraflı söhbət açıldı.
Avropanın qüdrətli dövlətlərindən olan Böyük Britaniyanın və Almaniyanın xarici işlər nazirlərinin son bir ay ərzində Azərbaycana səfər etməsindən bəhs edən Prezident Heydər Əliyev dedi ki, indi növbə Fransa xarici işlər naziri cənab Şaretindir. Cənab Şaret dövlətimizin başçısına söz verdi ki, yaxın vaxtlarda Azərbaycana səfər edəcəkdir.