AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUMINİYANIN BAŞ NAZİRİ VƏ ÖLKƏ SENATININ SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
İyulun 1-də Buxarestdə Azərbaycan Prezidenti Heydər Əliyev Rumıniyanın Baş naziri Nikolay Vakaroyu və Rumıniya senatının sədri German Oliviyunu qəbul etmişdir.
Senatın sədri ali qonağı salamlayaraq qeyd etdi ki, onu Buxarestdə görməklərinə çox şaddırlar. O dedi ki, Azərbaycanda gedən prosesləri Rumıniyada diqqətlə izləyirlər, demokratik cəmiyyət quruculuğu sahəsində atılan addımlara maraq göstərirlər. Parlamentin sədri bildirdi: Biz ümidvarıq ki, Ermənistan-Azərbaycan münaqişəsi siyasi yolla aradan qaldırılacaqdır. O bildirdi ki, Rumıniya Azərbaycanla bütün sahələrdə əlaqələr yaratmağa hazırdır. Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması bu əlaqələri tezliklə yaratmağa və genişləndirməyə güclü təkan verəcəkdir.
G.Oliviyu yeni müstəqil dövlətlərin bazar iqtisadiyyatına keçid zamanı qarşılaşdığı çətinliklərdən də söz açdı və bu dövlətlərin həmin sahədə bir-birinə köməyinin vacib olduğunu göstərdi.
Rumıniyanın Baş naziri N.Vakaroy dedi ki, onun hökumətinin başlıca vəzifəsi ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi mexanizmini tapmaqdan ibarətdir. Hökumət başçısı əlavə etdi ki, bizim aramızda mübahisəli problemlər yoxdur, siyasi dialoqun inkişaf etdirilməsi üçün heç bir maneə mövcud deyildir.
Baş nazir bildirdi ki, vaxtilə ölkələrimiz arasında əməkdaşlıq üçün maraqlı layihələr var idi. İndi isə təəssüflər olsun ki, mübadilənin həcmi ölkələrimizin potensialına müvafiq deyildir. N.Vakaroy əlaqələri bərpa etməyin vacibliyini vurğuladı.
Respublikamızın Prezidenti dost ölkənin rəhbərliyinin Azərbaycanla qarşılıqlı münasibətlərə böyük əhəmiyyət verməsindən məmnun olduğunu bildirərək qeyd etdi ki, onun Rumıniyaya səfərindən məqsəd bu münasibətləri möhkəmlətməkdir.
Heydər Əliyev dedi: Səhər Prezident İliyesku cənabları ilə maraqlı və səmərəli söhbətlərimiz oldu. Əminəm ki, burada keçirdiyim görüşlər Rumıniya-Azərbaycan münasibətlərinin inkişafına təkan verəcəkdir. Mən bölgəmizdə yaranmış vəziyyət, xüsusən Ermənistan-Azərbaycan münaqişəsi barədə parlament sədrinin və Baş nazirin mövqelərini böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Prezident bu münaqişənin səbəbləri, onun Azərbaycan üçün nə kimi müsibətlər doğurduğu barədə müsahiblərinə ətraflı məlumat verdi və bildirdi ki, Azərbaycanın itkilərə məruz qalmasına baxmayaraq, biz münaqişənin dincliklə aradan qaldırılması mövqeyində dayanmışıq.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycan bütün ölkələrlə, o cümlədən də Rumıniya ilə qarşılıqlı surətdə faydalı əməkdaşlığa tərəfdardır. Biz bir çox sahələrdə əməkdaşlıq edə bilərik və bunun böyük perspektivləri, imkanları var. Heydər Əliyev xatırlatdı ki, cənab İliyesku ilə görüşündə bu barədə də söhbət getmişdir.
Azərbaycan Prezidenti sözünə davam edərək dedi: Biz cənab İliyesku ilə bəzi sənədləri imzalayacağıq, lakin bir sıra sənədlər hələ hazır deyildir. Mən cənab İliyeskunu Azərbaycana rəsmi səfərə dəvət etmişəm. O, vədinə əməl edərək, respublikamıza gəlsə, biz qalan sənədləri də imzalayacağıq.
Görüşün sonunda cənab German Oliviyu Azərbaycan Prezidenti Heydər Əliyevə Rumıniya senatının 130 illiyi münasibətilə medal təqdim etdi.
Xəbərin mətnində orfoqrafik səhv var