RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV UKRAYNANIN BAŞ NAZİRİ YEVGENİ MARÇUK İLƏ GÖRÜŞMÜŞDÜR

İyunun 30-da Buxarestdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Ukrayna Respublikasının Baş naziri Yevgeni Marçuk ilə görüşmüşdür.

Dövlətimizin rəhbəri Ukrayna hökumətinin başçısını mehribanlıqla qarşıladı. Yevgeni Marçuk Azərbycan Prezidenti ilə görüşmək imkanı qazandığından məmnun olduğunu bildirdi. O, Ukrayna Prezidenti Leonid Kuçmanın salamlarını Azərbaycan Prezidentinə çatdırdı.

Azərbaycanın və Ukraynanın müstəqil dövlətlər kimi fəaliyyət göstərdiyi indiki dövrdə iki ölkənin tarixi əlaqələrinin bərpa edilməsinin vacibliyindən söhbət açan Heydər Əliyev dedi ki, xalqlarımız bir-birinə həmişə dostluq münasibətləri bəsləmişlər. Azərbaycan rəhbərinin fikrincə, dövlətlərimiz arasında bütün sahələrdə əlaqələrin canlandırılmasında bu ənənələrin mühüm rolu vardır. O dedi ki, iqtisadiyyatımız uzun illər bir-biri ilə sıx bağlı olmuşdur və ölkələrimizin həyatının elə bir sahəsi yoxdur ki, əlaqələr qurmaq üçün orada imkanlar olmasın.

Dövlətimizin başçısı Ukrayna Prezidenti ilə görüşlərində də bu məsələlər barədə geniş fikir mübadiləsi apardığını bildirərək dedi ki, əməkdaşlığın genişləndirilməsi üçün dövlətlərarası hüquqi sənədlərin hazırlanıb imzalanmasına xüsusi fikir verilməlidir. O, həmin sənədlərin bu sahədə meydana çıxan problemlərin aradan qaldırılmasında böyük əhəmiyyəti olacağını qeyd etdi.

Söhbət zamanı tərəflər hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də müzakirələr apardılar. Konkret sahələrdə əməkdaşlığın inkişafının hər iki ölkədə bazar iqtisadiyyatına keçid dövrünün qısa müddətdə başa çatdırılmasındakı rolu xüsusi vurğulandı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin