RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
- Bizi salamlamağınıza və qonaqpərvərliyinizə görə çox sağ olun.
Ölkənizə səfərim başa çatır. Biz dünən Prezident, Baş nazir, parlamentin sədri və digər rəsmi şəxslər ilə çox yaxşı danışıqlar apardıq və ölkənizi gözəl təəssüratla tərk edirik. Bizim və nümayəndə heyətimizin üzvlərinin bu iki gün ərzində gördüklərimiz, həqiqətən, çox təsirli olmuşdur. Ölkəniz qısa müddət ərzində Avratlantik inteqrasiyası, iqtisadi inkişaf, siyasi sistemin möhkəmləndirilməsi baxımından çox böyük yol keçmişdir və əlbəttə ki, Latviyanın dostları kimi, bu, bizi sevindirir.
Biz ikitərəfli münasibətlərimizə böyük əhəmiyyət veririk və sizin dediyiniz kimi, Azərbaycan Prezidentinin bu regiona ilk səfəri Latviyadan başlanmışdır. Baltikyanı ölkələrdə Azərbaycanın ilk səfirliyinin Latviyada açılması faktını da bizim münasibətlərimizin və maraqlarımızın mühüm indikatoru hesab etmək olar.
Biz indicə Latviya Prezidenti ilə Latviya-Azərbaycan biznes forumunun açılışında iştirak etdik. Bizimlə böyük biznes nümayəndə heyəti gəlmişdir. Bütün bu amillər qarşılıqlı münasibətlərimizin hərtərəfli inkişafına kömək edir. Dünənki gün ərzində, əsasən, maşında gedəndə olsa da, Riqanın gözəl yerlərinə baxa bildim. Mehmanxananın nömrəsindən də şəhərin gözəl panoramı açılır və indi isə ümidvaram ki, Riqanın görməli yerləri ilə daha yaxından tanış olacağam.
Bu, çox böyük tarixi, ənənələri və mədəniyyəti olan şəhərdir. Ötən ağır illər ərzində bütün bunların bənzərsizliyini qoruyub saxlamağınız riqalıların öz şəhərinə məhəbbətindən, tarixə, ənənələrə, tarixi abidələrə münasibətindən xəbər verir. Bu gün Riqanın qədim binaları əski tarixin təcəssümüdür, müasir binalar isə ölkənin və şəhərin necə dinamik inkişaf etməsini göstərir.
Bu, dostlarınız kimi, bizi çox sevindirir və sizin uğurlarınıza şadıq. Buna görə də bütün nümayəndə heyəti adından sizə ehtiramımı bildirmək və Riqanın bənzərsiz görünüşünün qorunub saxlanmasında şəhərin hakimiyyət orqanlarının xidmətlərini vurğulamaq istərdim. Bu, çox vacibdir, çünki bizim şəhərlərimizin görkəmi vətəndaşların və sakinlərin öz tarixinə münasibətini göstərir. Latviyanın da, Azərbaycanın da qədim tarixi var və o, daim bizim qəlblərimizdə yaşamalıdır, gənc nəslimiz onu yaxşı bilməli, tarixi, ənənələri, milli dəyərləri qoruyub saxlamalıdır. Bunsuz heç bir ölkə normal şəkildə inkişaf edə bilməz.
Bununla yanaşı, sizin ölkənizdə müasir inkişafın, dinamik inkişafın böyük əlamətlərini də görürük. Bu isə Avropaya və dünyaya dolğun inteqrasiyaya kömək edir. Buna görə də bir daha qeyd etmək istərdim ki, burada keçirdiyimiz görüşlərdən, şəhərdən, Latviyanı çox böyük məmnunluq hissi ilə tərk etməyimizdən aldığımız təəssürat olduqca müsbətdir və biz gələcəkdə fəal əməkdaşlığa ümid bəsləyirik. Riqalılara və şəhərin hakimiyyət orqanlarına Riqa kimi tarixi abidənin qorunması sahəsində gələcəkdə də fəal işləməyi arzulayıram. Təşəkkür edirəm.
X X X
Sonra Prezident İlham Əliyev Riqa şəhərində salınacaq Azərbaycan-Latviya dostluq parkının layihəsi ilə ətraflı tanış oldu.