RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ LİNKOLN BLUMFİLDİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Prezident sarayında ABŞ dövlət katibinin müavini Linkoln Blumfildin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini vurğuladı. Ölkələrimizin iqtisadi sahədə əlaqələrinə toxunan Prezident İlham Əliyev energetika sahəsində əməkdaşlığın daim genişləndiyini nəzərə çarpdırdı. “Əsrin müqaviləsi”nin imzalanmasının onuncu ildönümünün bu yaxınlarda ölkəmizdə təntənə ilə qeyd edildiyini bildirən dövlətimizin başçısı Azərbaycanda nəhəng enerji layihələrinin həyata keçirilməsinə ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirdi.

Azərbaycan-ABŞ əlaqələrinin digər sahələrdə də genişləndirilməsi üçün böyük imkanlar olduğunu bildirən Prezident İlham Əliyev cənab Linkoln Blumfildin başçılıq etdiyi ABŞ nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına kömək göstərəcəyinə əminliyini vurğuladı.

Səmimi qəbula görə minnətdarlıq edən və ölkəmizə ilk dəfə səfərə gəldiyini söyləyən qonaq Azərbaycanın çox böyük inkişafa nail olduğunu bildirdi. Cənab Linkoln Blumfild dedi ki, Azərbaycanda xüsusilə energetika sahəsində nəhəng, regional layihələr uğurla həyata keçirilir.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla genişləndiyini nəzərə çarpdıran qonaq əmin olduğunu bildirdi ki, ABŞ-Azərbaycan əməkdaşlığı gələcəkdə də müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Qəbulda ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş və digər rəsmi şəxslər iştirak edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin