RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI YANINDA SƏFİRİ PETER ALLGEİERİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Prezident sarayında ABŞ-ın Ümumdünya Ticarət Təşkilatı yanında səfiri Peter Allgeieri qəbul etmişdir.
Peter Allgeier Prezident İlham Əliyevin cari ilin aprel ayında Vaşinqtona səfərinin çox uğurla keçdiyini bildirdi, o vaxtdan ötən dövr ərzində ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.
Dövlətimizin başçısı Vaşinqtona səfərini məmnuniyyətlə xatırlayaraq, o dövrdən bəri iki ölkə arasındakı əlaqələrin daha fəal xarakter aldığını qeyd etdi. Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əmin olduğunu bildirdi.