SİYASƏT
AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİNİN ÇOXMİNLİ ÜZVLƏRİ QARŞIDAN GƏLƏN PREZİDENT SEÇKİLƏRİNDƏ HEYDƏR ƏLİYEVİN NAMİZƏDLİYİNİ MÜDAFİƏ EDƏCƏKLƏR
BU BARƏDƏ CƏMİYYƏTİN XX QURULTAYINDA QƏRAR VƏ MÜRACİƏT QƏBUL OLUNMUŞDUR
Martın 12-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) XX qurultayı olmuşdur.
Azərbaycanın dövlət himni səsləndiriləndən sonra cəmiyyətin sədr müavini Qafar Əsgərzadə iştirakçıları salamladı, 130 min nəfəri, o cümlədən 14 min könüllü ayparaçını birləşdirən təşkilatın növbəti qurultayını açıq elan etdi. Gündəliyə 20 iyul 1999-cu ildən 12 mart 2003-cü ilədək olan dövr üçün AQAC-nin hesabat məruzəsi, cəmiyyətin 2003-2005-ci illər üçün strateji iş planının təsdiqi, yeni Nizamnamənin qəbulu, AQAC-nin fəxri üzvü, Azərbaycan Prezidenti Heydər Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsi və dəstəklənməsi, dövlətimizin başçısına müraciətin qəbul olunması, cəmiyyətin fəaliyyəti ilə bağlı mühüm qərarların qəbul edilməsi və s. məsələlər daxil idi.
Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti Heydər Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxudu. \Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur.\
Sonra AQAC-nin qurultaylararası dövrə aid hesabat məruzəsi, eləcə də maliyyə-təftiş komissiyasının hesabatı dinlənildi, 2003-2005-ci illər üçün strateji iş planı, cəmiyyətin 12 mart 2003-cü il tarixli XIX çağırış II konfransının qəbul etdiyi sənədlər və digər qərarlar təsdiq olundu.
Sonra təşkilati məsələlərə baxıldı. Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Qafar Əsgərzadə və Ramazan Sultanov cəmiyyətin vitse-prezidentləri seçildilər.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycan üzrə nümayəndəsi xanım Hlin Baldvinsdottir və digər natiqlər çıxış etdilər, məruzələrə dair fikir və mülahizələrini bildirdilər. Onlar 1920-ci ilin martında fəaliyyətə başlayan və əsl xeyirxah, nəcib işlə məşğul olan cəmiyyətin rolunu, dövlət tərəfindən milli qeyri-hökumət təşkilatlarına göstərilən diqqət və qayğını yüksək qiymətləndirdilər və təmsil etdikləri təşkilatların AQAC-yə bundan sonra da lazımi dəstək və kömək göstərəcəklərini vurğuladılar.
Cəmiyyətin fəal üzvlərinə AQAC-nin fəxri diplomları təqdim olundu.
Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XX qurultayı 2003-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində Heydər Əlirza oğlu Əliyevin namizədliyinin irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul etdi. Qərarda deyilir ki, AQAC 130 min üzvü adından Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü Heydər Əlirza oğlu Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürür. Qurultay rəyasət heyətinə bütün regional mərkəzlərə, rayon və şəhər komitələrinə, ilk təşkilatlara tapşırır ki, Heydər Əliyevin namizədliyinin irəli sürülməsi və dəstəklənməsi ilə bağlı lazımi təşkilati və təbliğati işlər görsün, yerlərdə müvafiq tədbirlər həyata keçirsinlər.
Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə çıxış edərək, Azərbaycan Prezidentinin fəaliyyətinə verdikləri yüksək qiymətə, dövlətimizin başçısının namizədliyini irəli sürdüklərinə və yekdilliklə dəstəklədiklərinə görə qurultay iştirakçılarına təşəkkürünü bildirdi, cəmiyyətə gələcək fəaliyyətində uğurlar arzuladı.
Axırda Azərbaycan Qızıl Aypara Cəmiyyəti XX qurultayının nümayəndələri adından Prezident Heydər Əliyevə müraciət qəbul olundu.