SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri kimi yüksək və məsul vəzifəyə təyin olunmağınız münasibətilə Sizi 140 dövlətin, o cümlədən Azərbaycanın turizm sahəsində mənafelərini təmsil edən Dünya Turizm Təşkilatı (DTT) adından təbrik edirəm və Azərbaycanın firavanlığı naminə fəaliyyətinizdə uğurlar diləyi ilə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm.
Ötən ilin sentyabrında ölkənizə rəsmi səfərlə bağlı ən səmimi və müsbət xatirələri qəlbimdə saxlayıram və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Heydər Əliyevin məni qəbul etməsini minnətdarlıqla xatırlayıram. Onunla görüş və ümumən, ölkənizə səfərim Azərbaycanın sosial-iqtisadi tərəqqisinin, iş yerləri yaradılmasının və iqtisadiyyata çoxsahəli xarakter verilməsinin mühüm amili kimi turizmi inkişaf etdirmək niyyətini bir daha təsdiqlədi.
Biz DTT-də əminik ki, Azərbaycan daxili və xarici turizm üçün çox böyük potensiala malikdir. Bunun da əsasını İpək Yolunda üstün mövqe tutan ölkənizin nadir təbii və mədəni-tarixi irsi təşkil edir.
Ölkəniz 2001-ci ildə Dünya Turizm Təşkilatına daxil olduğu vaxtdan biz Gənclər, İdman və Turizm Nazirliyi ilə fəal əməkdaşlıq edirik. Sizi əmin edirəm ki, Azərbaycan Respublikası turizmin inkişafı və irəliləməsi sahəsində genişmiqyaslı işdə DTT-nin kömək və dəstəyinə ümid bəsləyə bilər.
Zati-aliləri, Sizə ən dərin hörmət bəslədiyimə əmin ola bilərsiniz.
Françesko Franjialli
Dünya Turizm Təşkilatının baş katibi
Madrid, 5 avqust 2003-cü il.