RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-A SƏFƏRİ
Dünya İqtisadi Forumunda iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yanvarın 31-də Nyu-Yorkda onun üçün ayrılmış iqamətgahda Türkiyə Respublikasının xarici işlər naziri İsmayıl Cəmi qəbul etmişdir.
Dövlətimizin başçısı Heydər Əliyev dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin ildən-ilə inkişaf etməsinin çox vacib olduğunu vurğuladı. Görkəmli dövlət xadimi Heydər Əliyevlə hər bir görüşdən böyük şərəf duyduğunu bildirən İsmayıl Cəm respublikamızın rəhbəri ilə Hyu-Yorkda keçirdiyi bu görüşün də çox böyük əhəmiyyət daşıdığını nəzərə çarpdırdı.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, Azərbaycan-Türkiyə əməkdaşlığının perspektivləri, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin həyata keçirilməsi məsələləri barədə geniş fikir mübadiləsi aparıldı.
X X X
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yanvarın 31-də Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin dağıntılarını ziyarət etdi və oraya üzərində güllərlə Azərbaycanın bayrağı təsvir edilmiş əklil qoydu. Dövlətimizin başçısı faciə qurbanlarının xatirəsinə həsr edilmiş sərgi ilə də böyük kədər hissi ilə tanış oldu.
ABŞ Konqresi Nümayəndələr palatasının maliyyələşmə komitəsinin sədri Cim Kolbe burada Azərbaycan Prezidenti Heydər Əliyevə yaxınlaşaraq onunla səmimiyyətlə görüşdü, 11 sentyabr faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etdiyinə görə respublikamızın rəhbərinə minnətdarlığını bildirdi.
NATO-nun baş katibi Corc Robertson da bu zaman Dünya Ticarət Mərkəzinin dağıntılarını ziyarətə gəldi. O, Azərbaycan Prezidenti Heydər Əliyevi burada böyük ehtiramla, mehribanlıqla salamladı. Cənab Robertson dünyanın siyasi xadimləri arasında böyük nüfuza malik olan Heydər Əliyevin Amerika xalqının bu kədərinə şərik olmasını yüksək qiymətləndirdi. O, ölkəmizin bayrağı təsvir edilmiş əklili Azərbaycan xalqının, Azərbaycanın müdrik prezidentinin beynəlxalq terrorizmə qarşı mübarizədə Amerika xalqı ilə həmrəyliyinin göstəricisi kimi səciyyələndirdi. Cənab Robertson dedi ki, bütün bunlar Azərbaycanın bizim üçün çox etibarlı tərəfdaş və dost ölkə olduğunu sübut etdi.
Ziyarətdən sonra Azərbaycan Prezidenti Heydər Əliyev və NATO-nun baş katibi Corc Robertson xeyli söhbət etdilər. Bu beynəlxalq təşkilatla ölkəmiz arasında əməkdaşlığın perspektivləri barədə qısa müzakirələr apardılar. Baş katib Dünya Ticarət Mərkəzinin dağıntılarını ziyarət etdiyinə görə Azərbaycan Prezidentinə bir daha dərin minnətdarlığını və təşəkkürünü bildirdi.
X X X
Həmin gün Nyu-Yorkdakı “Vuldorf-Astoriya” mehmanxanasının böyük salonunda Dünya İqtisadi Forumunun rəsmi açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edirdi.
Mərasimi giriş sözü ilə açan Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvob açdı. Cənab Klaus Şvob 31 ildən sonra Dünya İqtisadi Forumunun Davosdan kənarda, Nyu-Yorkda keçirilməsinin rəmzi məna daşıdığını bildirdi. O dedi ki, dünyanın 106 ölkəsindən 3 min nümayəndə bu gün Nyu-Yorkda toplaşaraq 11 sentyabr terror hadisələrinə qarşı çıxdıqlarını qətiyyətlə nümayiş etdirdi.
Sonra mərasimdə İsveçrə Konfederasiyasının prezidenti Kaspar Filliger çıxış etdi. O bildirdi ki, qloballaşma bütün dünyaya müsbət dəyişikliklər gətirir. Lakin bu proses bir sıra mənfi nəticələr də doğurur. Qloballaşmanın yaratdığı imkanlardan istifadə edən terrorçular, bədniyyət insanlar öz çirkin əməllərini həyata keçirməyə müvəffəq olurlar. Bütün millətlər, xalqlar, bəşəriyyət onlara qarşı birgə mübarizəyə qoşulmalıdır.
Sonra mərasimdə Nyu-York ştatının qubernatoru Corc Pataki, Nyu-York şəhərinin meri Maykl Blümberq çıxış etdilər.
Rəsmi açılış mərasimindən sonra beynəlxalq terrorizmə qaşı birgə mübarizə problemlərinə dair geniş dialoq aparıldı.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York