RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BELÇİKAYA SƏFƏRİ
Brüssel hava limanında Azərbaycan dövləti başçısını və nümayəndə heyətini respublikanın fövqəladə və səlahiyyətli səfiri Hüseynağa Sadıqov və digər rəsmi şəxslər qarşıladılar. Heydər Əliyev Belçikada yaşayan və onu qarşılamağa gələn Azərbaycan icmasının nümayəndələri ilə qısa görüş keçirdi. O soydaşlarımıza respublikamızdakı ictimai-siyasi vəziyyət, Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi, Milli Ordumuzun uğurlu döyüş əməliyyatları barədə danışdı və onları maraqlandıran suallara cavab verdi.
Bu gün Heydər Əliyev Belçikanın Baş naziri Jan Lük Dean ilə görüşdü. Ölkələrimiz arasında münasibətlərn inkişafı ilə bağlı məsələlər müzakirə olundu. Azərbaycan rəhbəri görüşün nəticələri barədə jurnalistlərin suallarına cavab verərək dedi ki, danışıqlar qarşılıqlı anlaşma şəraitində keçdi və qeyd olundu ki, iki ölkə arasında münasibətlərin inkişafının yaxşı perspektivləri var. Belçikanın Baş naziri qeyd etdi ki, onun ölkəsi dövlətlər arasında mövcud sərhədlərin zor gücünə dəyişdirilməsinin əleyhinədir və Qarabağ probleminin ATƏM çərçivəsində dinc vasitələrlə aradan qaldırılmasına tərəfdardır.
Daha sonra Azərbaycan Prezidenti NATO-nun Brüseldəki iqamətgahına getdi. Heydər Əliyevi NATO-nun baş katibinin birinci müavini Serco Balantsino və blokun digər rəhbərləri qarşıladılar. Heydər Əliyevin Serco Balantsino ilə görüşündə tərəfləri maraqlandıran bir çox məsələlər müzakirə edildi. Respublikamızın Prezidenti Ermənistanın təcavüzü ilə bağlı Azərbaycanın mövqeyini NATO rəhbərliyinə bir daha çatdırdı.
Heydər Əliyev NATO-nun iclasında çıxış etdi və Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” haqqında Şimali Atlantika İttifaqının proqramına qoşulmasına dair geniş sazişi imzaladı.
Sənədin imzalanması mərasimindən sonra Azərbaycan dövlətinin başçısı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün geniş mətbuat konfransı keçirdi. Heydər Əliyev NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına Azərbaycanın qoşulmasının Dağlıq Qarabağ probleminin həllinə nə dərəcədə kömək edə biləcəyi barədə jurnalistlərin sualına cavab verərək dedi: “NATO baş katibinin müavini qeyd etdi ki, onların təşkilatı bu münaqişənin həlli üçün Azərbaycan və Ermənistan rəhbərləri ilə məsləhətləşmələr aparmağa hazırdır”.
Mayın 5-də Heydər Əliyev Vətənə yola düşəcək və yolüstü Ankarada olacaqdır.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri