AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İTALİYA RESPUBLİKASININ PREZİDENTİ OSKAR SKALFARO İLƏ GÖRÜŞÜ
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 9-da Moskvada İtaliya Respublikasının Prezidenti Oskar Skalfaro ilə görüşmüşdür.
Azərbaycan Prezidenti ilə tanış olmasından böyük məmnunluq duyduğunu söyləyən cənab Skalfaro Heydər Əliyevi İkinci Dünya müharibəsinin başa çatmasının 50 illiyi münasibətilə təbrik etdi. Heydər Əliyev də bu görüşdən mənun qaldığını söylədi və cənab Skalfaro ilə tanışlığına şad olduğunu bildirdi. Azərbaycan rəhbəri keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi vaxtilə İtaliyada olduğunu və Sovet İttifaqı nümayəndə heyətinə başçılıq etdiyini xatırlatdı.
Cənab Skalfaro ölkəmizə böyük maraq göstərdiyini və İtaliya şirkətlərinin Azərbaycana sərmayə qoymaq niyyətində olduğunu xüsusi vurğuladı. O dedi ki, Azərbaycanın neft yataqlarının birgə istismarında iştirak edən xarici neft şirkətlərinin sırasında İtaliyanın “ACİP” şirkətinin də olacağına ümid bəsləyir.
Azərbaycan Prezidenti ABŞ-ın “Eksson” şirkətinin təkliflərinin ölkəmiz üçün iqtisadi baxımdan daha sərfəli olduğunu qeyd edərək dedi ki, respublikamız İtaliyanın “ACİP” şirkətinə digər neft yataqlarımızın birgə istismarında yer vermək niyyətindədir. O, həmin şirkətin rəhbərləri ilə Bakıdakı görüşünü razılıqla xatırladı və bir daha bəyan etdi ki, “ACİP”in Azərbaycan neft yataqlarının işlənməsində iştirakı üçün əlindən gələni edəcəkdir.
Heydər Əliyev “ACİP”lə bərabər, İtaliyanın digər şirkətlərini də Azərbaycanda görmək istədiyini vurğuladı və bunun üçün onlara hər çür şərait yaradılacağını bildirdi.
İtaliya Prezidenti Ermənistan-Azərbaycan müharibəsinin gedişi ilə maraqlandı. Heydər Əliyev dedi ki, bu müharibə Ermənistanın Azərbaycana açıq hərbi təcavüzüdür və həmin təcavüz nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal edilmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın vəziyyətində yaşayır.
Azərbaycan rəhbəri ölkəmizin bu münaqişənin ATƏT, onun Minsk qrupu çərçivəsində həll olunmasına üstünlük verdiyini söylədi.
Heydər Əliyev İtaliya nümayəndəsinin ATƏT-də sədr olduğu dövrdə bu ölkənin diplomatlarının Azərbaycana dəfələrlə səfər etdiyini, özünün isə Mario Rafaelli ilə bir neçə dəfə görüşdüyünü xatırlatdı, münaqişəyə son qoyulması üçün İtaliya diplomatlarının ATƏT-də və onun Minsk qrupunda daha fəal səylər göstərmələrini arzuladığını bildirdi.
Cənab Skalfaro Azərbaycan Prezidenti Heydər Əliyevi İtaliyaya rəsmi səfərə dəvət etdi. Oskar Skalfaronun fikrincə, belə bir səfər İtaliya-Azərbaycan münasibətlərinin, o cümlədən iqtisadi, siyasi, mədəni əlaqələrimizin inkişaf etdirilməsində mühüm rol oynaya bilər. Heydər Əliyev bu dəvəti məmnuniyyətlə qəbul etdi və öz növbəsində İtaliya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi.
Xəbərin mətnində orfoqrafik səhv var