AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV OMAN, KÜVEYT, QƏTƏR, YƏMƏN DÖVLƏTLƏRİNİN MOSKVADAKI SƏFİRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 9-da Moskvada Oman, Küveyt, Qətər, Yəmən dövlətlərinin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirləri ilə görüşmüşdür.
Bu görüşü özləri üçün böyük şərəf hesab edən səfirlər öz ölkələrində Azərbaycan xalqına və şəxsən Prezident Heydər Əliyevə dərin hörmət bəsləndiyini bildirdilər.
Səfirlər qeyd etdilər ki, onların dövlət başçıları Azərbaycan Prezidenti Heydər Əliyevi öz ölkələrinə rəsmi səfərə dəvət etmişlər və bu səfərlərin həyata keçirilməsini səbirsizliklə gözləyirlər. Onlar Heydər Əliyevin Qafqazda müstəqil siyasət yeridən dövlət başçısı olduğunu xüsusi vurğuladılar və bu fəaliyyətin xarici mətbuatda geniş əks edildiyini söylədilər.
Heydər Əliyev xoş sözlərə görə səfirlərə minnətdarlığını bildirdi və onun səmimi salamlarını öz ölkələrinin dövlət və hökumət başçılarına çatdırmalarını xahiş etdi. O dedi ki, Azərbaycan bütün ölkələrlə, o cümlədən müsəlman dövlətləri ilə müstəqil, ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr qurmaq xəttini tutub və bu yolu davam etdirəcəkdir. Ölkəmizin öz müstəqilliyini qoruyub saxlayacağını vurğulayan Prezident Ermənistanın Azərbaycana təcavüzü barədə ətraflı söhbət açdı. Azərbaycanda demokratik islahatların gedişindən danışan Heydər Əliyev dedi ki, hazırda bizim dost və qardaş ölkələrin köməyinə böyük ehtiyacımız vardır. O dedi ki, bu ağır dövrdə ölkəmizə əl tutanları xalqımız heç vaxt unutmayacaqdır.
Görüşün sonunda Azərbaycan Prezidenti vaxt tapıb mütləq bu ölkələrə səfər edəcəyinə söz verdi.
Xəbərin mətnində orfoqrafik səhv var