RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA FEDERASİYASININ BAŞ NAZİRİ VİKTOR ÇERNOMIRDİNLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik və dostluq şəraitində keçən görüş zamanı xalqlarımız arasındakı tarixi əlaqələrdən geniş söhbət açıldı, bütün sahələrdə qarşlıqlı surətdə faydalı əməkdaşlığın bərpasının vacib olduğu vurğulandı. Tərəflər bərabərhüquqlu iki müstəqil dövlətin bir-biri ilə sıx münasibətlər yaratmasının həm Rusiya, həm də Azərbaycan üçün faydalı olduğunu qeyd etdilər.
Görüşdə Çeçenistan hadisələri zamanı Azərbaycanın Şimaldan bütün kommunikasiyalarının bağlanmasının və ölkəmizin blokada şəraitinə düşməsinin yaratdığı çətinliklərdən ətraflı bəhs edildi və onun tamamilə aradan qaldırılması yolları geniş müzakirə olundu.
Tərəflər Ermənistan-Azərbaycan arasında münaqişənin sülh yolu ilə, beynəlxalq təşkilatlar çərçivəsində həllinin perspektivləri barədə fikir mübadiləsi apardılar və bu yolun düzgünlüyünü təsdiq etdilər.
Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də müzakirələr aparıldı, ayrı-ayrı konkret sahələrdə əməkdaşlığın tezliklə nizama salınması imkanları nəzərdən keçirildi.