RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA FEDERASİYASININ PREZİDENTİ BORİS YELTSİN İLƏ GÖRÜŞMÜŞDÜR
Görüş zamanı prezidentlər ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması, ATƏT-in Minsk qrupunun fəaliyyəti, münaqişənin həllində Rusiyanın oynaya biləcəyi rol barədə məsələləri müzakirə etdilər.
Azərbaycan Prezidenti Heydər Əliyev Nyu-Yorka yola düşməzdən bir gün əvvəl Rusiya və Finlandiya prezidentlərinin birgə imzaladıqları məktubu böyük məmnuniyyətlə aldığını qeyd etdi. Məktuba görə təşəkkürünü bildirən Azərbaycan rəhbəri bunu müsbət addım kimi qarşıladığını söylədi.
Prezident Boris Yeltsin münaqişənin sülh yolu ilə həllinə Rusiyanın da maraq göstərdiyini bildirdi. 17 aydan bəri davam edən atəşkəsin böyük naliyyət olduğunu vurğulayan Rusiya Prezidenti uzun sürən sülh əldə edilənə qədər atəşkəs rejiminin qorunub saxlanılmasının əhəmiyyətini qeyd etdi. Daha sonra Prezident Yeltsin münaqişə edən tərəflər arasında birbaşa dialoq aparılmasının mühümlüyünü vurğuladı. O, göndərdikləri məktuba Heydər Əliyevdən cavab gözləyəcəklərini və bundan sonra növbəti addımlar barədə düşünəcəklərini söylədi.
Prezident Heydər Əliyev danışıqlarda Azərbaycanın konstruktiv mövqe tutduğunu və bir sıra güzəştlərə getdiyini bildirdi. Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunmasının, həmin ərazilərdən didərgin düşmüş 1 milyondan çox azərbaycanlı qaçqının öz evlərinə qayıtmasının, Azərbaycanın ərazi bütövlüyünü, dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sərhədlərinin toxunumazlığının təmin edilməsinin Azərbaycan üçün əsas prinsiplər olduğunu vurğulayan Prezident Heydər Əliyev ölkəmizin atəşkəsə bundan sonra da sadiq olacağını bəyan etdi.
Mütləq cavab məktubu yazacağını söyləyən Azərbaycan Prezidenti ümidvar olduğunu bildirdi ki, bölgədə sülhün bərqərar olunması üçün Rusiya öz nüfuzundan istifadə edəcək və səylərini davam etdirəcəkdir.