RƏSMİ XRONİKA


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA FEDERASİYASI DÖVLƏT DUMASININ SƏDRİ İVAN RIBKİN İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 9-da Moskvada Rusiya Federasiyası Dövlət Dumasının sədri İvan Rıbkin ilə görüşmüşdür.

İvan Rıbkin Azərbaycan Prezidenti ilə görüşündən məmnun olduğunu bildirdi və onu Qələbənin 50 illiyi münasibətilə təbrik etdi. Heydər Əliyev də cənab Rıbkini səmimiyyətlə salamladı və Qələbə bayramı münasibətilə öz təbriklərini yetirdi.

Dövlətimizin başçısı xalqımızın 1941-1945-ci illər müharibəsində iştirakından söhbət açaraq dedi ki, yüz minlərlə azərbaycanlı faşizmə qarşı mübarizədə igidlik göstərərək öz canını qurban vermişdir. Xaqımız arxa cəbhədə də böyük fədakarlıq göstərmişdir.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin daha da canlandırılması perspektivləri barədə fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, uzun illərin dostluq və əməkdaşlıq təcrübəsindən istifadə edilərək, müstəqil dövlətlərimiz arasında əlaqələrin yeni tarixi şəraitdə də inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir.

Görüşdə Azərbaycan və Rusiya Federasiyası parlamentlərinin əlaqələrinə dair məsələlər də nəzərdən keçirildi. Respublika Prezidenti Rusiya Dövlət Dumasının bir sıra deputatlarının Azərbaycana gəldiyini, vəziyyətlə yaxından tanış olduğunu razılıqla qeyd etdi. Heydər Əliyevin fikrincə, deputat qruplarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin sıxlaşdırılmasında mühüm rol oynaya bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin