SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
2002-ci il mayın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Mohamməd Elbaradeyi qəbul etmişdir.
Xarici işlər naziri Vilayət Quliyev Agentliyin gənc üzvü olan Azərbaycan Respublikasına bu qurum tərəfindən göstərilən qayğıya görə təşəkkürünü bildirmiş və əməkdaşlığın qarşılıqlı fayda əsasında bundan sonra da inkişafına ümidvar olduğunu qeyd etmişdir. Nazir Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bu quruma üzv olan ölkələr arasında nüvə texnologiyalarının mübadiləsi, nüvə enerjisindən istifadə zamanı təhlükəsizliyin təmin olunması, texniki yardım göstərilməsi və digər əlaqədar istiqamətlər üzrə fəaliyyətini yüksək qiymətləndirərək, əməkdaşlığın qanunvericilik bazası əsasında qurulduğunu önə çəkdi. Xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev Azərbaycan hökuməti tərəfindən radiasiya təhlükəsizliyinə nəzarətin güçləndirilməsi, əhalinin radiasiya təhlükəsi haqqında, sənayedə partlayıcı materialların və avadanlığın, radiasiya və ionlaşdırıcı şüalar verən təhlükəli maddələrin istifadəsinə, sınaqdan keçirilməsinə xüsusi razılıq verilməsi qaydalarının təsdiq edilməsi barədə qərarların qəbul edildiyini və ölkəmizin Nüvə Silahlarının yayılmaması haqqında müqavilənin iştirakçısı olduğunu qeyd edərək, bölgədə münaqişənin mövcud olduğu bir zamanda bu tədbirlərin həyata keçirilməsinin aktuallığını vurğuladı.
AEBA-nın baş direktoru Mohamməd Elbaradey Azərbaycanda səfərdə olduğundan məmnunluq duyduğunu bildirərək, ölkəmizə Agentliyin bir çox proqramları sahəsində bundan sonra da kömək göstərəcəyini xüsusilə nəzərə çarpdırdı. O, Ermənistan atom elektrik stansiyasının radioaktiv tullantılarının Azərbaycanın işğal edilmiş ərazilərində basdırılması haqda Azərbaycan tərəfinin müraciəti ilə bağlı məsələyə toxunaraq, stansiyaya daxil olan və oradan çıxarılan nüvə yanacağının Agentlik tərəfindən qeydiyyatının aparıldığını və məsələnin nəzarət altında saxlanıldığını qeyd etdi. Agentliyin baş direktoru həmçinin Xəzər dənizinin neft və qaz tullantılarından təmizlənməsi, sərhədlərin təhlükəsizliyinin təmin olunması üçün texniki avadanlıqla təchiz edilməsi və texniki əməkdaşlıq proqramı çərçivəsində müxtəlif mövzularda seminarların və təlim kurslarının təşkil edilməsi sahəsində də Agentliyin ölkəmizə bundan sonra da yaxından kömək göstərəcəyini bildirdi.
Xarici işlər naziri Vilayət Quliyev daha sonra qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun dinc həlli yolları barədə görülən işlərdən ətraflı məlumat verdi və Azərbaycanın üzv olduğu Agentliklə əməkdaşlığın faydalılığının mövcud münaqişənin aradan qaldırılması ilə bağlı olduğunu vurğuladı. Beynəlxalq agentliklə əməkdaşlıq sahəsində milli kadrlara ehtiyac duyulduğunu qeyd edən nazir bu sahədə bundan sonra da birgə səylərin zəruriliyini xüsusilə nəzərə çarpdırdı.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.