RƏSMİ XRONİKA


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2008-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur.

Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.

Rusiyada çar üsul-idarəsinin ləğvi, baş verən fevral və oktyabr çevrilişləri, Birinci dünya müharibəsinin fəsadları və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha da gərginləşdirirdi.

İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır.

Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur. Lakin ölkənin öz neftini xarici bazarlara çıxarmaqdan təcrid edilməsi nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran güclənirdi. Həmçinin parlament daxilində hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmalar gündən-günə dərinləşirdi. Əhalinin əsas hissəsinin ağır durumu isə bolşevik təbliğatı üçün münbit zəmin yaradırdı. İrəvanın ermənilərə paytaxt kimi verilməsindən sonra İrəvan mahalından qaçqın düşmüş 150 mindən artıq soydaşımızın vəziyyəti olduqca gərgin idi. Belə bir vəziyyətdə parlamentin son iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı ilə nəticələndi.

Aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin bir qismini Məmmədəmin Rəsulzadə kimi mühacir həyatı yaşamağa məhkum etdi, digər qismini Fətəli xan Xoyski və Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanına çevirdi, qalanlarını da bolşevizmin amansız repressiyalarına məruz qoydu.

1920-ci il aprelin 28-də ikinci respublika – Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. İki il ərzində öz müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyinin ancaq formal atributlarını saxlaya bilmişdi. Yalnız onu əvəz edən dördüncü respublika müstəqillik ideyasını yaşatmış və Azərbaycan bütün sərvətlərinin, o cümlədən neftinin tam sahibi kimi çıxış edə bilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr edilsə də, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir.

Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə milli dövlətçilik tarixində xüsusi yer tutduğunu nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi respublikada geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 90 illiyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə olunsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2008-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin