İQTİSADİYYAT
“AZƏRDƏMİRYOLBANK” YENİ İMTİYAZLI SƏHMLƏRİN EMİSSİYASINI ELAN EDİR
Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ümumi sayı 100 min ədəd olacaq səhmlər kütləvi təklif metodu ilə Bakı Fond Birjasının hərrac sistemində yerləşdiriləcəkdir. Bir səhmin nominal dəyəri 1000 manatdır.
İmtiyazlı səhmlər öz sahibinə bir çox üstünlüklər verir. Bu səhmlərin sahibi, bankın təsərrüfat fəaliyyətindən asılı olmayaraq, səhmin nominal dəyərinin 10 faizi həcmində dividentlər almaq hüququna, bank ləğv edildikdə isə onun mülkiyyətinin bir hissəsi alınarkən, digər səhmdarlarla müqayisədə, daha böyük hüquqlara malik olur. “Azərdəmiryolbank”ın səhmdarları və əməkdaşları, əlavə olaraq, 100 milyon manat məbləğində imtiyazlı səhmlər buraxılması və gələcəkdə bu səhmlərin üstünə gələn dividentlərin Heydər Əliyev adına yaradılacaq Xeyriyyə Fonduna verilməsi haqqında yekdilliklə qərar da qəbul etmişlər.
Həmçinin qərara alınmışdır ki, bu səhmlərin dividentləri hər il Fondun hesabına köçürüləcək və onun xeyriyyə tədbirlərinə yönəldiləcəkdir.