İQTİSADİYYAT


“AZƏRENERJİ” KREDİTLƏRİ ÖDƏYİR

“Azərenerji” Səhmdar Cəmiyyəti müxtəlif layihələr üçün götürdüyü kreditlərin qaytarılmasına dair ödənişləri planlı surətdə yerinə yetirir. Ölkənin baş enerji idarəsinin mətbuat mərkəzinin verdiyi məlumata görə, 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzinin yenidən qurulması layihəsini həyata keçirmək üçün hökumətin zəmanəti ilə Almaniyanın Baerische Landesbank Girozentral bankından götürülmüş kreditlərin növbəti hissəsi apreldə ödənilmişdir. 

“Azərenerji”nin maliyyə-iqtisadiyyat idarəsinin rəisi Fəxrəddin Bağırov bildirmişdir ki, səhmdar cəmiyyətinin daxili imkanları hesabına 18 milyard manat və ya 6,2 milyon İsveçrə frankı məbləğində vəsait ödənilmişdir.

Almaniya bankının 78,4 və 77,99 milyon İsveçrə frankı məbləğində iki kredit xəttinin vəsaiti hesabına İEM-də ümumi gücü 106 meqavat olan iki qaz turbini quraşdırılıb istifadəyə verilmişdir. Birinci qurğu 2000-ci il oktyabrın 17-də, ikincisi isə bu il yanvarın 30-da işə salınmışdır.

İEM-1-də Azərbaycanda analoqu olmayan avadanlıq quraşdırılmışdır. Tətbiq olunan texnologiya bir blokda ildə100 min tondan çox mazuta qənaət etməyə və atmosferə buraxılan zərərli maddələri xeyli azaltmağa imkan verir.

F.Bağırov bildirmişdir ki, “Azərenerji” kreditlər üzrə növbəti ödənişi mayın 10-da həyata keçirməyi nəzərdə tutur. Yenikənd SES-in tikintisinə götürülmüş kreditin ödənilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankına \AYİB\ 3,58 milyon dollar köçürüləcəkdir.

Ümumiyyətlə “Azərenerji” AYİB-ə, İslam İnkişaf Bankına və Baerische Landesbank Girozental bankına 27 milyon ABŞ dollarından artıq vəsait ödəyəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.