İQTİSADİYYAT
“AZƏRNEFTYAĞ” ZAVODUNDA İKİ YENİ QURĞU İNŞA EDİLƏCƏKDİR
Azərbaycan Dövlət Neft Şikətindən AZƏRTAC-a bildirmişlər ki, qurğuların tikintisi üzrə keçiriləcək tenderin sənədləri hazırlanır. Tenderin nəticələri cari ilin sonunadək məlum olacaq, 2004-cü ildə isə tikinti işlərinə başlanılacaqdır. Tenderdə iştirak etməyə maraq göstərən Amerika və Yaponiya şirkətləri ilə danışıqlar aparılmışdır.
Hazırda zavodda qələvilər vasitəsilə təmizlənən dizel yanacağı öz keyfiyyətinə görə avropalı alıcıları qane etmir. Bu üsulla istehsal edilən dizel yanacağını onlar yarımfabrikat kimi alır və təkrar emal edirlər. Bu da məhsulun ilk satınalma qiymətinə mənfi təsir göstərir. Şirkətin mütəxəssisləri tezliklə daha səmərəli hidrotəmizləmə üsuluna keçəcəklər.
Dizel yanacağı ilə müqayisədə təyyarə yanacağını qələvilər vasitəsilə təmizləmək hələlik ən düzgün üsuldur.
Yeni qurğular ildə dizel yanacağı üçün 2 milyon ton hidrotəmizləmə, təyyarə yanacağı üçün isə 600 min ton emal gücünə malik olacaqlar.