MƏDƏNİYYƏT
AZƏRTAC “China Daily” qəzeti tərəfindən təşkil olunan beynəlxalq media-turunda iştirak edir
İnçuan, 24 iyun, AZƏRTAC
Çinin nüfuzlu “China Daily” qəzeti “Çin ilə görüş” beynəlxalq media-turun növbəti mərhələsinə başlayıb.
Əcnəbilərin Çini daha yaxından tanıması məqsədini daşıyan layihədə iştirak edən xarici media qurumlarının nümayəndələri arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın əməkdaşı da var.
Media-tur dünya ictimaiyyətini Çinin müxtəlif sahələrdə, xüsusilə bölgələrdə həyata keçirdiyi sosial-iqtisadi inkişaf və yoxsulluğun azaldılması layihələri, iqtisadi islahatlar, yerli əhalinin həyat tərzi, mədəni müxtəlifliyi barədə ətraflı məlumatlandırmağı hədəfləyib. Layihədə iştirak edən xarici diplomatların, jurnalistlərin və blogerlərin Çinin Ninsia Huy muxtar bölgəsinə gediblər. İştirakçılar muxtar bölgənin İnçuan, Ucon və Convey şəhərlərində tarixi məkanlara, sənaye müəssisələrinə, ekoturizm obyektlərinə baş çəkəcək, qurd giləmeyvəsinin vətəni hesab olunan bu bölgədə həmin giləmeyvənin yetişdirildiyi təsərrüfatla, günəş panelləri istehsal edən müəssisə ilə tanış olacaqlar.
Media-turun növbəti mərhələsi isə Çinin Anhuy vilayətini əhatə edəcək. İştirakçılar Anhuyda muzeylərə, tarixi məkanlara, iqtisadi və texnoloji inkişaf zonasına, məşhur Huanşan dağına baş çəkəcəklər.
Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti ilə AZƏRTAC bir neçə ildir informasiya mübadiləsi, jurnalistlərin təlimi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq edir. Agentliyin materiallarını öz kanalları vasitəsilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
İnçuan