SİYASƏT
AZƏRTAC ilə Berlin Humboldt Universitetinin əməkdaşlığı Azərbaycan həqiqətlərinin Almaniyaya çatdırılmasına töhfə verə bilər VİDEO
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Berlin Humboldt Universiteti arasında genişlənən əməkdaşlıq Azərbaycan həqiqətlərinin Almaniyaya çatdırılmasına töhfə verə bilər.
Martın 6-da Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor xanım Eva Maria Auxun AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə görüşündə öz bəhrəsini verməkdə olan əməkdaşlığın konkret istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Bir müddət əvvəl AZƏRTAC-da keçirilmiş görüşdə səsləndirilən təkliflərin Humboldt Universitetinin rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığını bildirən xanım Eva Maria Aux universitetin mütəxəssislərinin agentliyin alman dili redaksiyasına dəstək verməyə hazır olduqlarını qeyd edib. Əməkdaşlıq çərçivəsində almaniyalı mütəxəssislər tərəfindən AZƏRTAC-ın əməkdaşları üçün Bakıda və Berlində ustad dərsləri keçirilməsi də məqsədəmüvafiq hesab olunub.
Almaniyalı professor Azərbaycan haqqında bələdçi-kitabça hazırlandığını və bu yaxınlarda çap olunacağını bildirib. Qeyd edilib ki, həmin kitabça “Bakı-2015” birinci Avropa Oyunları zamanı Bakıya gələcək turistlərin Azərbaycan haqqında məlumatlandırılmasında mühüm rol oynaya bilər.
Azərbaycana olan sevgisinə, ölkəmiz haqqında həqiqətlərin Almaniya ictimaiyyətinə çatdırılmasında göstərdiyi səylərə görə almaniyalı professora təşəkkürünü bildirən Aslan Aslanov AZƏRTAC ilə Humboldt Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Xanım Eva Maria Auxun ölkəmizin tarixinin, mədəniyyətinin, ədəbiyyatının və dilinin təbliği istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib. Qeyd edib ki, gələcəkdə Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının mütəxəssisləri ilə AZƏRTAC-ın əməkdaşları ölkələrimiz arasında tarixi əlaqələr barədə kitab hazırlaya bilərlər.
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının elmi işçisi Rasim Mirzəyevin də iştirak etdiyi görüşdə yaxın gələcəkdə AZƏRTAC-la Humboldt Universiteti arasında əməkdaşlıq sazişinin imzalanması barədə də müzakirələr aparılıb.