SİYASƏT


AZƏRTAC ilə Qətər KİV-lərinin sıx əməkdaşlıq əlaqələri məmnunluq doğurur VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC 

Noyabrın 13-də Qətər dövlətinin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə AZƏRTAC-da keçirilən görüşdə Azərbaycan həqiqətlərinin ərəb ölkələrinin xəbər agentliklərində obyektiv işıqlandırılmasının əhəmiyyətinə toxunulub, AZƏRTAC-ın Qətər KİV-ləri ilə getdikcə genişlənən əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.

Qeyd edilib ki, AZƏRTAC-la Qətər Xəbər Agentliyi (QNA) arasında 2011-ci ildə imzalanan Anlaşma Memorandumuna əsasən mütəmadi informasiya mübadiləsi həyata keçirilir. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Qətər KİV-lərinin Azərbaycanın Vətən müharibəsi barədə obyektiv xəbərlər yaymasını, bütövlükdə Qarabağ münaqişəsinə ədalətli yanaşmasını yüksək qiymətləndirib.

Qətərin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirən səfir dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın təbii imkanları, inkişaf etmiş infrastrukturu, ən əsası isə burada hökm sürən sabitlik və əmin-amanlıq dünyanın bir çox ölkələrindən, o cümlədən Qətərdən turistləri özünə cəlb edir.

Feysal Al Hinzab vurğulayıb ki, Qətər Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyini birmənalı olaraq dəstəkləyir, bu yolda qazandığı qələbələri sevinclə qarşılayır. Azərbaycan həqiqətlərinin dünyaya, o cümlədən ərəbdilli ictimaiyyətə çatdırılmasında informasiya mübadiləsinin əhəmiyyətini vurğulayan səfir AZƏRTAC-ın ərəb və ingilis dillərində yaydığı xəbərlərin ölkəsində maraqla izləndiyini deyib. Bildirib ki, mərkəzi ofisi Qətərin paytaxtı Dohada yerləşən “əl-Cəzirə” telekanalı Qarabağda aparılan hərbi əməliyyatlarla bağlı reportajlarında çoxmilyonlu tamaşaçılarını münaqişənin səbəbləri, Azərbaycanın ədalətli mövqeyi barədə də məlumatlandırıb.

Qətər səfiri AZƏRTAC və “əl-Cəzirə”nin beynəlxalq informasiya məkanında rolunu nəzərə alaraq, bu iki media qurumu arasında daha sıx əməkdaşlıq yaradılmasının vacibliyini vurğulayıb, bununla bağlı təkliflərini səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.