CƏMİYYƏT
AZƏRTAC-ın bir qrup əməkdaşı Milli Mətbuat Gününü bölgələrdə qeyd edib
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan milli mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə AZƏRTAC-ın bir qrup əməkdaşı agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə Quba və Qusar rayonlarına səfər edib.
Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən dövrdə zəngin və şərəfli yol keçib. Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu gün ölkəmizdə mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Milli Mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar, media təmsilçiləri üçün çoxmənzilli yaşayış binalarının istifadəyə verilməsi mətbuata yüksək dövlət qayğısının tərkib hissəsidir.
AZƏRTAC-ın əməkdaşları hər il olduğu kimi, bu il də peşə bayramlarını yaddaqalan tədbirlərlə qeyd ediblər.
Əsrarəngiz gözəlliyi olan təbiətimizin qoynunda buz kimi bulaqların məlhəm suyundan içərək başı buludlara dəyən şümşad ağacların kölgəsində vaxt keçirmək, deyib-gülmək, əylənmək zehni işlə məşğul olan qələm adamları üçün xüsusilə yaddaqalan olur. Bütün bunlarla yanaşı, bir də fikirləşəndə ki, bu gün sənin və həmkarlarının bayramıdır bu, insana ikiqat sevinc hissi yaşadır.
Böyük Qafqazın, Şahdağın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən yüksəklikdə yerləşən hər iki rayon özünəməxsus gözəlliyi, füsunkar təbiəti, adət-ənənələri ilə seçilir. Bəlkə də bu səbəbdəndir ki, getdiyin yerdə yerli turistlərdən daha çox xarici qonaqlara rast gəlirsən. İnsana qürur verən əsas məqamlardan biri dilini bilmədiyin yüzlərlə əcnəbi turistin sənin mahnına qol qaldırıb ürəkdən oynamasıdır. Yeni evlənən bəylə gəlinin bu əyləncəyə qatılması isə daha maraqlı oldu. Bəlkə də onların ağlına gəlməzdi ki, belə xoş günlərinə heç tanımadıqları yüzlərlə insan şahidlik edəcək.
Səhərin ala-toranında yola çıxıb bütün günü sevdiyin insanların əhatəsində olub unudulmaz anlar yaşamağın bir ayrı ləzzəti var. Peşə bayramını belə gözəl, unudulmaz qeyd etmək üçün yaradılan şəraitə görə AZƏRTAC-ın rəhbərliyinə dərin minnətdarlığımızı bildirir, bütün həmkarlarımızı bayram münasibətilə təbrik edirik.