CƏMİYYƏT
AZƏRTAC-ın bir qrup əməkdaşı Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Bakı, 30 may, AZƏRTAC
AZƏRTAC-ın bir qrup əməkdaşı agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib.
Əməkdaşlar əvvəlcə Quba soyqırımı məzarlığına baş çəkiblər. Diqqətə çatdırılıb ki, məzarlıq 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb.
Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir.
Sonra ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksində olublar. Onlara məlumat verilib ki, kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Burada XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır.