CƏMİYYƏT
AZƏRTAC-ın fotoları Astanada təşkil olunan fotosərgidə nümayiş etdirilir
Astana, 4 dekabr, AZƏRTAC
Astanada “Qazaxıstanın birinci Prezidenti” gününə həsr edilmiş fotosərgi nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, “Qazaxıstan: Müdrik güc” adlı sərgi ölkənin İnformasiya və Kommunikasiya Nazirliyi və “Kazinform” beynəlxalq informasiya agentliyi tərəfindən hazırlanıb. Fotosərgidə “Kazinform”un və onun əməkdaşlıq etdiyi agentliklərin fondundan götürülmüş fotolar toplanıb. Bu fotoşəkillərdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fəaliyyətinin bir sıra məqamları əksini tapıb.
Sərgi Azərbaycanın AZƏRTAC, İranın İRNA, Özbəkistanın UzA, Türkiyənin Anadolu, Belarusun Belta, Ukraynanın Ukrinform, Tacikistanın Xovar və Qırğızıstanın Kabar agentliklərinin fotoları əsasında tərtib edilib.
Fotosərgidə AZƏRTAC Rafiq Bağırov, Oktay Məmmədov və Vüqar Əmrullayevin lentə aldıqları fotolarla təmsil olunur.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstanın iki aparıcı xəbər agentliyi beynəlxalq və regional media qurumları çərçivəsində sıx əməkdaşlıq edir.
Sərgi dekabrın 10-dək davam edəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana