İQTİSADİYYAT
AZPROMO Moldovanın müvafiq qurumları ilə əlaqələrin qurulmasını müzakirə edib
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Zoreana Mutac ilə görüşüb.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilmiş görüşdə Y.Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.
Z.Mutac ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edərək əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif layihələrin həyata keçirilməsi, tədbirlərin təşkili, həmçinin AZPROMO və Moldovanın müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin qurulması istiqamətində müzakirələr aparılıb.