ELM VƏ TƏHSİL
“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcək
Bakı, 18 sentyabr, AZƏRTAC
“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcək. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiq edilməsi qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinin ixtisas seçimi sentyabrın 20-si saat 23:59-da başa çatır. Bunu nəzərə alaraq “Abituriyent Məsləhət Mərkəzləri” sentyabrın 19-da və 20-də də fəaliyyətlərini davam etdirəcək.
“Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan tarixlərdə saat 09:30-dan 17:00-dək DİM-in regional bölmələrində, həmçinin Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya universitetlərində fəaliyyət göstərəcək.
Pandemiya şəraitinin tələblərinə uyğun olaraq ali təhsil müəssisələrində abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə (http://eservices.dim.gov.az/eNovbe/) əsasında həyata keçirilir. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılır. Abituriyenti yalnız 1 nəfərin müşayiət etməsinə icazə verilir.