ELM VƏ TƏHSİL
Abituriyentlər üçün layihə –“UNEC-də bir gün”
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yuxarı sinif şagirdləri arasında çox populyar olan “UNEC-də bir gün” layihəsini davam etdirir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, məktəblilərə “birgünlük tələbə” olmaq şansı yaradan layihənin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır.
Xatırladaq ki, payız semestri ərzində 32 məktəbdən 500-dən çox şagird “UNEC-də bir gün” layihəsində iştirak edib. Şagirdlərə şərti tələbə bileti təqdim olunub və onlar seçdikləri ixtisas üzrə dərslərdə iştirak ediblər.
Layihədə iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.