ELM VƏ TƏHSİL
Abituriyentlərin imtahan nəticələri haqqında elektron arayış əldə etmək imkanları daha da genişləndirilib
Bakı, 30 dekabr, AZƏRTAC
Bu il Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sənəd qəbulu ilə əlaqədar elektron ərizəsini təsdiq edib, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib. Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə imtahan verən abituriyentlərin imtahan nəticələri haqqında elektron arayış əldə etmək imkanları daha da genişləndirilib. Artıq 2013-cü il və daha sonrakı dövrdə qəbul imtahanı verənlər müvafiq arayışı elektron əldə edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilin yekunlarına dair iclasda məlumat verib.
Qeyd olunub ki, mayın 18-dən etibarən DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə vətəndaşların qəbuluna başlanılıb.
Dövlət qulluğuna qəbulun müsahibə mərhələsinin, o cümlədən qiymətləndirmənin onlayn şəkildə keçirilməsi məqsədilə DİM mütəxəssisləri tərəfindən xüsusi proqram təminatı işlənib hazırlanıb və iyul ayından etibarən proqramın tətbiqinə başlanılıb. Proqram vasitəsilə bu günədək onlayn qaydada 7939 müsahibə təşkil olunub.
Bundan əlavə, sədr işğaldan azad olunmuş rayonların birində Dövlət İmtahan Mərkəzinin Qarabağ Regional Bölməsinin açılmasını səbirsizliklə gözlədiyini qeyd edib.