REGİONLAR
Abşeron məktəbliləri maarifləndirici tur-aksiyalara qoşulublar
Xırdalan, 23 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyalara qoşulublar.
AZƏRTAC xəbər verir ki, Lənkəran-Masallı-Astara istiqaməti üzrə yola çıxan şagirdlərlə Xırdalandakı Heydər Əliyev Mərkəzində görüş keçirilib.
Görüşdən öncə Mərkəzin foyesində ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.
Mərkəzin Akt zalında təşkil olunan görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova uşaqların inkişafında “Ölkəmizi tanıyaq” layihəsinin rolundan söz açıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən bu tur-aksiyalar gözəl nəticələr verməkdədir.
Layihənin məqsədindən danışan İ.Gülməmmədova bildirib ki, tur-aksiya zamanı şagirdlər ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olur, onlarda Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barəsində əyani təsəvvür yaranır. O, respublikanın bütün bölgələrini əhatə edən maarifləndirici tur-aksiyalarda, ümumilikdə, rayon üzrə indiyədək 400 məktəblinin iştirak etdiyini diqqətə çatdırıb.
Daha sonra görüşdə şagirdlər və valideynlər çıxış edərək sözügedən layihənin məktəblilərin inkişafında əvəzsiz rola malik olduğunu qeyd ediblər. Vurğulanıb ki, cənub bölgəsinə səfər edəcək şagirdlərin əlaçılar və olimpiadalarda uğur qazananlar arasından seçilməsi məktəbliləri daha yaxşı oxumağa təşviq edir.
Abşeron qrupunun rəhbəri, rayon icra hakimiyyətinin məsul işçisi Hafiz Mikayılov AZƏRTAC-ın müxbirinə bildirib ki, tədrisdə nailiyyət qazanan 9-11-ci sinif şagirdlərinin 40 nəfəri bu gün Lənkərana yola düşür. Uşaqlar 4 gün ərzində vətənimizin cənub bölgəsinə səfər edərək Lənkəran, Astara və Masallı rayonları ilə yaxından tanış olacaq, tarixi abidələri, turizm məkanlarını, səfalı guşələri gəzəcəklər. “Həmçinin məktəblilər son illər ölkə rəhbərinin regionlarda həyata keçirdiyi genişmiqyaslı infrastruktur, sosial, mədəni layihələrlə bu rayonların nümunəsində əyani şəkildə tanış olacaqlar”, - deyən H.Mikayılov qeyd edib ki, uşaqlar ölkəmizin gözəlliyini, inkişafını görməklə yanaşı, özlərinə yeni dostlar da qazanacaqlar.
Sonra abşeronlu şagirdlər musiqi sədaları altında avtobusla Lənkərana yol düşüblər.