REGİONLAR
Abşeron rayon Mədəniyyət Mərkəzinin kollektivi şəhid ailəsinə baş çəkib
Xırdalan, 29 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Abşeron rayon Mədəniyyət Mərkəzi və Mehdiabad qəsəbə Diyarşünaslıq evinin əməkdaşları şəhid ailəsinə baş çəkiblər.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, mədəniyyət işçiləri şəhid Babək Allahverdiyevin ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb, ailəyə maddi və mənəvi dəstək olublar.
Şəhidin anası onların övladının ali bir amal, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucaldığını, şəhidlərin xatirəsinin daim uca tutulduğunu, şəhid ailələrinin isə daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib. Həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.
Şəhid Babək Bəxtiyar oğlu Allahverdiyev 1979-cu il mayın 30-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində anadan olub. 1986-cı ildə Bakı şəhəri Nərimanov rayonu 93 nömrəli tam orta məktəbdə təhsilə başlayıb. 1993-cü ildən təhsilini Cəmşid Naxçıvanski adına hərbi məktəbdə davam etdirib. 1996-cı ildə adıçəkilən məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərb Akademiyaya daxil olub və 2000-ci ildə akademiyanı Taktiki Motoatıcı Qoşunları komandiri ixtisası üzrə bitirib.
İkinci Vətən müharibəsində kəşfiyyat bölük komandiri Babək Allahverdiyev Füzuli, Qubadlı, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib və 2020-ci il noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, 2-ci Fəxri xiyabanda dəfn edilib.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Babək Allahverdiyev ölümündən sonra “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə”, ”Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, ”Azərbaycan bayrağı” medalları ilə təltif olunub.