REGİONLAR
Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir
Xırdalan, 13 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Cari ilin birinci yarısında Abşeron rayonunda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 104 milyon manata çatıb. Sənaye müəssisələrində çalışanların sayı 8087 nəfər olub, onların da orta aylıq əməkhaqqı 343 manat təşkil edib. Artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. Bu il isə öz xərclərindən əlavə 23 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu haqda Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında cari ilin 6 ayının yekunlarına həsr olunan Şura iclasında bildirilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova cari ilin 6 ayın yekununa həsr olunmuş iclasda qeyd edib ki, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkənin digər bölgələri kimi Abşeron rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda yüksək əzmlə davam etdirilir. Ölkənin hər yerində yaşanan tərəqqi rayonumuzun simasında da aydın müşahidə olunur, deyən başçı son illərin real mənzərəsi Abşeronun ölkənin əsas inkişaf və quruculuq ünvanlarından biri olduğunu vurğulayıb.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini İlham Quluyev respublikamızda həyata keçirilən inkişaf kursun ötən 6 ayda Abşeron rayonunda bütün sahələrin davamlı inkişafını təmin edərək müsbət nəticələrin əldə edilməsin şərtləndirdiyini diqqətə çatdırıb. Belə ki, rayon sahibkarları tərəfindən ixracyönümlü məhsul istehsalına diqqət artıb, ərazidə fəaliyyət göstərən 38 şirkət tərəfindən istehsal olunan 350 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilib.
2018-ci ilin ötən müddəti ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında 115 hüquqi, 690 fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyata alınaraq fəaliyyətə başlayıb. Ümumilikdə sahibkarlıq fəaliyyətinə yaradılmış əlverişli şəraitin nəticəsi olaraq 6 ay ərzində rayon ərazisində 2406 yeni iş yeri açılıb.
Bildirilib ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 22 investisiya layihəsi üçün 15 milyon 535 min manat güzəştli kredit verilib. Həyata keçiriləcək bu layihələr üzrə 225 yeni iş yerinin yaradılması nəzərdə tutulur. O da diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2018-ci il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılıb. Bununla əlaqədar Qobu qəsəbəsi ərazisində 0,7 hektar sahədə xalça istehsalı emalatxanasının tikinti işləri sürətlə davam etdirilir.
Məruzədə rayonda ilin 6 ayı ərzində abadlıq-quruculuq işlərinin davam etdirildiyi, əhalinin elektrik enerjisi, içməli su-kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun daha da yaxşılaşdırılması, sakinlərin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması istiqamətində xeyli işlərin görüldüyü statistik rəqəmlərlə təsdiqini tapıb.
Kənd təsərrüfatı sahəsində də, xüsusilə bitkiçilik məhsullarının istehsalında artıma nail olunub. Rayon ərazisində 1413 hektar sahədə taxıl biçini itkisiz başa çatıb. 6 ay ərzində 645 hektar tərəvəz sahəsindən 56414 ton məhsul yığılıb, 19691 sentner ət, 142245 sentner süd istehsal olunub, yumurta istehsalı isə 71,4 milyon ədəd olub.
Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndirilməsi ilə bağlı işlər davam etdirilir, Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarda 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə gedir. 210 hektar sahədə artıq badam əkilib, 210 hektar sahədə damlama üsulu ilə suvarma şəbəkəsi quraşdırılıb, 8 kilometr uzunluğunda su xətti çəkilib, 70 min kubmetrlik su hovuzu tikilib, 30 ədəd müxtəlif təyinatlı texnika alınıb.
Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, torpaqlardan səmərəli istifadə olunması, istər bələdiyyə, istərsə də dövlət mülkiyyətində olub, lakin istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların dövriyyəyə cəlb edilməsi və bu torpaqlarda kənd təsərrüfatının inkişafı istiqamətində işlər davam etdirilir.
Məruzə ətrafında çıxışlarda rayon təsərrüfatının, infrastruktur sahillərində yenilənmə, təhsil, səhiyyə, bələdiyyələr, abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verilib.