Abşeron rayonunda adam oğurluğu, narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
AzerTAg.az

Bakı, 17 oktyabr, AZƏRTAC
Abşeron rayonunun Qobu qəsəbə sakini olan bir nəfər polisə müraciət edərək borclu olduğu əvvəldən tanıdığı şəxslərin ona hücum etdiyini sonra naməlum ünvana apararaq qanunsuz olaraq orada saxladıqdan sonra mobil telefon və pulunun həmin şəxslər tərəfindən əlindən alındığını bildirib. Həmin şəxslər daha sonra zərərçəkənin fotolarını çəkərək onun yaxınlarına göndəriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları araşdırmalara və zəruri əməliyyat tədbirlərinə başlayıblar.
Tədbirlər nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Qobu qəsəbəsi sakini Zaur Əliyev, Ceyhun Səmədzadə və qardaşı Rafiq Səmədov tutulublar. Saxlanılan zaman Ceyhun Səmədzadə ilə qardaşının üzərindən külli miqdarda narkotik vasitə olan heroin də aşkarlanıb.
Araşdırmalarla bu şəxslərin Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduqları da ortaya çıxıb.
Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində həyətində narkotik tərkibli çətənə kolları əkən əvvəllər də məhkum olunmuş Tariel Sadıqov saxlanılıb.
Onun həyətinə baxış zamanı yaş halda çəkisi 10 kiloqram olan kultivasiya edilən çətənə kolları aşkarlanıb.
Qeyd olunan faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbərin mətnində orfoqrafik səhv var