CƏMİYYƏT


Abşeron rayonunda quldurluq cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bakı, 22 fevral, AZƏRTAC

Abşeron rayonunun Xırdalan şəhərində quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxslər tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün bir nəfərə qarşı quldurluq ediblər. Hadisə zamanı dəstə üzvləri zərərçəkəni Xırdalan şəhəri ərazisinə gətirərək orada ona vintaçanla xəsarət yetirib, 105 manat məbləğində pulunu və mobil telefonunu ələ keçiriblər.

Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Quldurluq etməkdə şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş Vasif Bayramov, Nəzrin Əliyeva, habelə Ramil Novruzov və Suat Əliyev polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar. Qeyd edək ki, zərərçəkən şəxs dəstə üzvü olan N.Əliyevanın tanışı olub.

Araşdırma zamanı müəyyənləşdirilib ki, dəstə üzvləri zərərçəkəni paytaxt ərazisində Vasif Bayramova məxsus avtomobilə oturdaraq Xırdalan şəhərinə gətiriblər və orada həmin cinayəti həyata keçiriblər.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində Xırdalan şəhərində qadına qarşı törədilən quldurluq hadisəsinin də üstü açılıb. Belə ki, zərərçəkən şəxs polisə məlumat verərək qohumunun evində olan zaman mənzilə gələn tanışı Elnur adlı şəxsin əlindəki bıçaqla ona hədə-qorxu gələrək 240 manat məbləğində pulunu ələ keçirdiyini bildirib.

Cinayəti törətməkdə şübhəli bilinən Elnur Əslanov və qohumu Əslan Əslanov polis idarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində yaxalanıblar. Onların cinayətləri istintaq zamanı sübuta yetirilib.

Hər iki quldurluq hadisəsi ilə bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsinin bir neçə bəndi ilə cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

Saxlanılanların Abşeron rayonunda, eləcə də paytaxt ərazisində digər cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.