CƏMİYYƏT
Abşeron rayonunda ümumtəhsil məktəblərinin işçiləri narkomanlıq probleminə dair treninqlərə cəlb olunublar
Bakı, 14 oktyabr, AZƏRTAC
Abşeron rayon ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri narkomanlıq probleminə dair treninqlərə cəlb olunublar.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan məlumat verilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Treninqlərdən əvvəl rayonlar üzrə müvafiq komissiyaların üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqlərdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb və onlara zəruri təbliğat materialları (eyni zamanda, elektron informasiya daşıyıcısında) paylanılıb.
Treninqlərdə iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar təqdim edilib.