CƏMİYYƏT
Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki orta məktəblərdə narkomaniya əleyhinə profilaktik tədbirlər keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin və Mehdiabad Polis Bölməsinin təşkilatçılığı ilə Mehdiabad qəsəbəsindəki 1,2,3,4 və 5 saylı məktəblərdə və Digah qəsəbəsindəki tam orta məktəbdə "Azərbaycan gəncləri narkotikə yox deyir” mövzusunda silsilə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə çıxış edən Abşeron Rayon Polis İdarəsinin əməkdaşları narkomaniyanın törətdiyi fəsadlar, cəmiyyətə vurduğu zərər, insan talelərinə faciəvi təsirləri haqqında şagirdlərə geniş məlumat veriblər. Narkotiklərlə mübarizə sahəsində ölkədə aparılan işlər barədə söhbət açılıb, daxili işlər orqanları əməkdaşlarının bu istiqamətdə gördükləri məqsədyönlü tədbirlər, onların nəticələri barədə danışıblar.
Sonra çıxış rayon icra hakimiyyətinin, səhiyyə və təhsil idarələrinin nümayəndələri narkotiklərin hər bir cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğunu qeyd ediblər, bu fəlakətli nəticələrin aradan qaldırılması üçün bütün cəmiyyətin birgə səylərinin uzlaşdırılmasının tələb olunduğunu diqqətə çatdırıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş olunub.